Haqqımızda

Dilbazilər soyadı artıq tək Azərbaycan çərçivəsi ilə məhdudlaşmayaraq, onun sərhədlərindən kənarda da tanınır. Firudun bəy Köçərlinin hələ XIX yüzilin sonlarında "nəcəbətu fətənətdə məşhur, fəsahətu bələğətdə və həmçinin şairiyətdə məlum və püriştihar ümərai-Dilbaz" deyə xatırlatdığı Dilbaziləri XVIII yüzildən bəri ziyalılar, alimlər, şairlər, maraqlı peşə adamları, sadəcə nəcib və əksərən xeyirxah şəxsiyyətlər kimi tanınmışlar. Dilbazilər sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Dilbazilərin soykökü Qazax mahalının Xanlıqlar kəndi ilə lokallaşır. Soykökün keçmişi ilə bağlı araşdırmalara söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazi onlara XVII yüzildə verilmiş addır.

Avey dağım, sinən bağça bağ olsun,
Təpələrin uca-uca dağ olsun,
Gedən gedib, qalanların sağ olsun,
Mərd babalar torpağıdır bu torpağ !
Onlar salıb "Keçilməz"dən yolları
Daşlar üstə atlarının nalları,
İz salıbdır...bükülməyib qolları,
Belə olub bizim ulu əslimiz,
Bu mərdlərin övladıdır nəslimiz !                           

                                          Mirvarid Dilbazi

Dilbazilərin keçmişi ilə bağlı araşdırmalara görə, onların daşıdığı "Dilbazi" soyadı bu nəslin əcdadı Molla Ali ağanın ləqəbi olmuşdur. XVIII yüzildə yaşamış Molla Ali ağanın bu ləqəbi alması Nadir şahla bağlı bir əhvalata söykənir. Molla Ali ağanın əsil-nəsəbi Qazax xanlarına gedib çıxır. Bunun bir neçə dəlili var : 1. Xanlıqlar kəndi ərazisindəki Vəlixan toponimi, Dilbazilərin əcdadı Vəli xana aiddir. Qazax Ağqoyunlular və Səfəvilər dönəmində "ölkə" statusunda olarkan buranı xan rütbəsində yüksək mənsəbli məmur şəxslər idarə  etmişlər və onların təmsilçilərindən Vəli xan Qazaxlar, onun oğlu Nazar xan Qazaxlar, onun oğlullarından Şəmsi bəy, Xəlil bəy, Məmməd bəy Qazaxların adları tarixi qaynaqlarda bizə gəlib çatmışdır. 2. 1725-1728-ci illərə aid "Tiflis əyalətinin müfəssəl dəftəri" adlı Osmanlı tarixi qaynağında Qazax Sancağının Axstev nahiyəsində bir kənddə Ali Molla Xan oğlunun adı qeyd olunur, bu addakı "Ali Molla" şəxsin adı, "Xan oğlu" isə ata adı deyil, onun nəsli mənsubiyyətini bildirir. 3. Qazax xanları qıpçaq mənşəli idilər və indiki Xanlıqlar camaatı əksərən onların mənsub olduğu Qarayların/Qaramanların nəsilləridir. Xanlıqlar camaatları etnik mənşələri baxımından sair Qazax elatları kimi sırf türk ( oğuz/qıpçaq ) mənşəlidirlər. Dini etiqadlarına gəldikdə, tarixən islamın sünni məzhəbinə ( Öməriyyə təlimi ) mənsub olmuşlar. Şah İsmayıl Xətainin və onun varislərinin şiyəliyi zorakılıqla yaymalarının qarşılığında bir çox Qazax elatları kimi öz ata-baba məzhəblərini hifz etməyi bacarmış və şiyəliyə keçməmişdilər. 4. Elin "Qaraylar" adının "Xanlıqlar"a çevrilməsi Əbdürrəhman ağanın zamanında XVII yüzilin ikinci yarısında olmuşdur və bu kəndin ağalarının xan mənşələrinin vurğulanması ilə bağlıdır. Bu gün "Xanlıqlar" deyə tanıdığımız bu yaşayış məntəqəsi Qazax Mahalının qədim türk yaşayış məskəmlərindən biridir. Bu məkanda aparılmış arxeoloji qazıntılar zamanı kəndin yaxınlığında dəmir dövrünə aid ( eramızdan öncə 8-6-ci əsrlər ) daş qutu qəbirlərdən, eləcədə küp qəbirlərdən ibarət arxeoloji abidə, dəmirdən hazırlanmış nizə ucluqları və s. üzə çıxarılmışdır. 

Dilbazilərin xanlıq/bəylik tituları Səfəvi şahalarının zamanına gedib çıxır. Əfşarlar və sonra xanlıqlar dönəmlərində onlar bu imtiyazlarını hifz etmişdilər. Rusiya hakimiyyəti Azərbaycanda bərqərar olduqdan sonra 1818-ci il Nizamnaməsi ilə Qafqazda ağaların/bəylərin hüquq və imtiyazları təsbit edilərkən bu hüquqlar Qazax mahalı üzrə sözügedən zümrədən olan sair soylar kimi Dilbazilərədə şamil olundu. Dilbazilər Qazax Mahalının sair ağa/bəy nəsilləri ilə qohumluq münasibətlərində idilər. Qohumlaşmaları daha çox Vəkilovlar, Şixlinskilər, Qiyasbəyovlar, Paşayevlər, Əfəndiyevlər, Miralayevlər, Haciqasımovlar, Şərifovlar ilə olmuşdur. 

Dilbazilər 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulamasını və Azərbaycan istiqlalını çox güclü alqışlamış, gənc dövlətin bərkiməsi yolunda əllərindən gələni etmişlər. Arxiv sənədlərində Dilbazilərdən olan bir sıra gənc ağaların həmin il Dilican yolu ilə Osmanlı cəbhəsindən geri çəkilib gedən rus əsgərlərinin tərk-silah olunmasını təşkil etmələri göstərilir. Azərbaycanın sovetləşməsindən sonra bərabərliyin elan edilməsi ilə bağlı olaraq, Dilbazilərin bütün imtiyazları və torpaqları əllərindən alındı və ağa/bəy keçmişləri sarıdan təqiblərə, həbslərə, sürgünlərə, repressiyalara məruz qoyuldular. Azərbaycanda Sovet hökumətini qəbul etməyən Dilbazilərin əksəriyyəti qaçaq düşüb, sovetlərə qarşı mübarizədə həyatlarını itirdilər. Sovetləşmədən sonra təqiblər, sıxışdırmalar, yeni quruluşun bu nəsilə bəslədiyi etimadsızlıq üzündən Dilbazilər Qazaxdan uzaqlaşaraq başqa bölgələrdə məskunlaşmağa məcbur qalmışdırlar. Zəmanalərinin gözüaçıq adamları olan Dilbazilərdən elmi-savadlı adamların çoxluğunun bir səbəbi də onlarda yeni yetişən gəncliyin, xüsusəndə qızlarının təhsil almasına hər zaman xüsusi diqqət yetirmələri olmuşdur. Təsədüfi deyilki Azərbaycan SSR-nin ilk qadın şairi məs bu nəsilin görkəmli nümayəndəsi Mirvari Dilbazi olmuşdur. Azərbaycanın milli rəqs məktəbinin banisi və Azərbaycanın Xalq artistidə bu nəslin qadınlarından olan Əminə Dilbazidir.

DİLBAZİ

Bioqrafiya

Abunə olun

Yeniliklərdən xəbərdar olun