1893-1938

Osman ağa Dilbazov 1893-cü ildə Xanlıqlar kəndində anadan olmuşdur. Orta təhsilini Tiflisdə (Mangilisi) klassik tipli oğlanlar gimnaziyasında al-mışdır. Qeyd edək ki, Qazax-Borçalı bəylərinin ço-xunun övladları bu gimnaziyada təhsil alırdılar. Gimnaziyanı bitirənlərə ibtidai məktəblərdə rus dili müəllimi işləmək hüququ verilirdi, onlara burada də-rin bilik verilməklə yanaşı, bir sıra peşələr də öyrədi-lirdi.
1913-14-cü illərdə atası Əbdürrəhman ağa görməsini tamam itirdikdən sonra qardaşları arasında biliyi və savadı ilə fərqlənən Osman ağa kənddə atasının atçılıq, maldarlıq, qoyunçuluq, əkinçilikdən ibarət böyük təsərrüfatına başçılıq etmiş, atasız qalmış bacı-qardaşlarının mülkiyyət hüquqlarına riayət olunmasına nəzarəti üzərinə götürərək onların qəyyumu olmuşdu (belə ki, atasının bu geniş təsərrüfatında bütün qardaş və bacılarının payı vardı və böyük qardaşı Ömər ağa bu vaxt sürgündə idi). Osman ağa atasının çox geniş təsərrüfatını idarə edərkən atçılığa xüsusilə Böyük önəm verirdi. r
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda öz atçılıq təsərrüfatından Rus Ordusunun ehtiyacları üçün xeyli sayda at satılmışdır. Rus-Türk cəbhəsində döyüşlərin gedişində rus tərəfinə əsir düşmüş Osmanlı əsgər və zabitlərinin qaçırılması o illərdə Azərbaycan türkləri arasında namus və şərəf məsələsi idi. Osman ağanın bir türk zabitinə yaxşı bir at verərək Osmanlıya qaça bilməsinə şərait yaratdığı ailə söhbətlərində indi də xatırlanır.
Osman ağa sovetləşməni Xanlıqlarda qarşılamışdır. Əmlakının çox hissəsi yeni hakimiyyət tərəfindən müsadirə edildikdə, başqa bir işin qulpundan yapışmaq niyyəti ilə pedaqoji sahəyə keçmək istədikdə, mənşəyi etibarilə ağa/bəy sinfinə mənsubiyyəti səbəbincə, sovet orqanları tərəfindən müəllim işləməsinə imkan verilməmişdir. Odur ki, başqa bir ixtisasa yiyələnmək məqsədi ilə Bakıya gəlir və Qazağa torpaqölçən kimi qayıdır. Bir müddət başqa rayonlarda dolaşır, hər yerdə müvəqqəti qalır, tez-tez xidməti yerini dəyişdirirdi. Bu illərdə Naxçıvanda və Gəncədə torpaq bölgüsü üzrə («zemlemer») işləmişdi. Bir müddət Gəncədə torpaq komitəsinin müdiri olmuşdu.
Osman ağa 1930-31-ci illərdə Xanlıqlardayaşayırdı və 1931-ci ilfevralın 12-də Xanlıqlarda «tərksilah əməliyyatı»nın gedişində həbs ediləcəkdi. Belə ki, adı tutulmalı və cəzalandırılmalı olan şəxslərin siyahısına salınmışdı. Lakin görünür, cəld tərpənib yaxasını ələ verməmişdi. Hər halda, DSİ orqanlarının açdıqları və şərti olaraq «beş Dilbazov»un işi deyə xatırlatdığımız cinayət işində İbrahim ağa, Kamil ağa, Hüseyn ağa və ismayıl ağa Dilbazovlarla yanaşı onun da adı keçirdi. Bəlli olurdu ki, Osman ağa, İsmayıl ağa və Hüseyn ağa ilə hələ 1930-cu ilin oktyabr ayından maraqlanmağa başlamışdılar. Kənd sovet sədri Qələndər İbrahim oğlu onun barəsində dindirilmiş və müstəntiq Qavrilov ondan Osman ağa barədə oktyabrın 16-da belə bir ifadə almışdı:
«Osman ağa Əbdürrəhim ağa oğlu Dilbazov, Musaköy kəndinin sakini, 38-40 yaşlarında, keçmişdə bəy olub, səs hüququndan məhrumdur, özünün 2-3 otaqdan ibarət evi var. Onun iki qardaşı - Dilboz Əbdürrəhim ağa oğlu və Əli Əbdürrəhim ağaoğlu bandit idilər, onlardan biri 1925-ci ildə, digəri 1927-ci ildə öldürüldülər, qardaşı öldürüldükdən sonra Osman ağa kənddən qaçaq düşdü. Daş Salahlı və Poylu bandaları ilə dolaşırdı, bu kəndlərdə onun qohumları var, familiyalarını bilmirəm.
Kəndlilər arasında o qədər də nüfuzu yoxdur, lakin antisovet elementlərlə əlaqəsi var. 1926-27-ci illərdə üzə çıxmışdır. Hazırda Musaköy kəndində yaşayır».
Kənd sakini, partiyaçı Əhmədəli Usub oğlu ifadəsində bunları təkrarlamaqla yanaşı, hazırda - yəni 1931-ci ilin əvvəli üçün Osman ağanın «yarımleqal» yaşadığını sözlərinə əlavə edirdi.
Oktyabrın 13-də isə AzDSİ müvəkkili Qavrilov partiyaçı Fərhad Babayevdən Osman ağa barədə təxminən eyni məzmunda ifadə almışdı. Aydın məsələ idi ki, onun həbsinə nəsə gizli bir hazırlıq gedirdi.
1931 -ci il fevralın 12-də kənddə demək olar bütün Dilbazovlar tutulandan sonra alınan ifadələrdə - yeni bir detal da əlavə olunurdu: «Osman ağa Şamxora Bitdili imamının yanına gedib».
Lakin nə Osman ağa, nə də ismayıl ağa Qazaxda yox idilər. XDİK Qazax RŞ müvəkkili Kuropatkin «hazırda onun haradasa gizləndiyini» qeyd edirdisə, deməli XDİK orqanının onun məhz haraya getmiş olmasından dəqiq məlumatı yox idi. İsmayıl ağa deyəsən son anda aradan çıxmışdı - o, Gəncəyə gedə bilmişdi. Odur ki, bu işdə üç nəfərlə - İbrahim ağa, Kamil ağa və Hüseyn ağa ilə kifayətlənməli oldular.
Bu qaçışla Osman ağa ölümdən faktik olaraq 8 il əlavə ömür möhləti almış oldu. Bu arada Gəncədə baytarlıq kursunu bitirdi və bir müddət Qazaxdan kənarda Gürcüstanda, Bərdənin Hindarx kəndində, Qusarda baytar həkimi işlədi və aranı sakitləşmiş görüb Gəncədə məskunlaşaraq burada işləməyə başladı.
Bu illərdə analığı Hilal xanım onun ailəsində idi və hara işləməyə gedirdi, onun yanında olurdu. Hilal xanım oğulluğu Osman ağa Qusarda işləyəndə orada vəfat etdi və orada da torpağa tapşırıldı.
...Osman ağa Əbdürrəhman ağa oğlu Dilbazovun bundan sonrakı həyat macərasına onun MTN arxivində saxlanılan «cinayət işi» (PR 39283) bütün təfsilatı ilə işıq salır. Osman ağanın həbsinə order 1938-ci il fevralın 12-də yazılmış və həmin gün də Gəncədə yaşadığı evdə həbsə alınaraq Qazağa gətirmişlər. Onu Azərbaycan SSR XDİK-in təsdiq etdiyi həbs olunmalı şəxslər siyahısı əsasında tutmuşdular. Sözügedən siyahıdan XDİK Qazax rayon şöbəsinin rəisi, dövlət təhlükəsizlik leytenantı Dasayevin imzaladığı çıxarışda bu belə əsaslandırılırdı:
«Dilbazov Osman ağa, 53 yaşında, qolçomaq-mülkədar, SSRİ vətəndaşı, bitərəf, müəyyən bir məşğuliyyəti yoxdur, Kirovabad şəhər sakini, məhkum olunmamışdır. Keçmişdə iri mülkədar-qolçomaq, qolçomaqlıqdan salınmaya məruz qoyulmuşdur. Repressiya olunacağından qorxaraq Qazax rayonundan çıxıb getmişdir. Sovet hakimiyyətinə qarşı düşmən əhvali-ruhiyyədədir. Sovet hakimiyyəti tərəfindən repressiya olunmuş qohumları var».
Osman ağa tutulandan sonra Gəncədəki evi XDİK Qazax rayon şöbəsinin operativ işçisi Frik tərəfindən fevralın 28-də və 29-da arandığı barədə işdə  axtarış protokolları var və bu protokollarda evdə heç nə tapılmadığı və qiymətli heç nə götürülmədiyi qeyd olunmuşdur. Bu arada Osman ağanın Xanlıqlardakı evi də aranmışdı. Osman ağanın oğlu, hazırda Qazax şəhərində yaşayan Müseyib Dilbazinin xatırladığına görə, atası tutulandan sonra evləri iki dəfə Sarı Qələndər və başının adamları tərəfindən talan edilmiş, xalça-gəbələr bir yana, qab-qacağı da götürüb aparmışlar.
Tutulduğu gün tərtib olunmuş dustaq anketinə görə, Osman ağa Əbdürrəhim ağa oğlu (atasının adı işdəki başqa sənədlərdə Əbdürrəhman ağa kimi yazılmışdır) Dilbazov 1893-cü ildə Musaköy kəndində doğulmuşdur (Bu halda arayışda qeyd olunduğu kimi 53 deyil, 45 yaşı olur). Yaşayış yeri Kirovabaddır, burada Ziyatlı kəndində Bağırov adına kolxozda kolxozçu işləyir. Sosial mənşəyi - bəy ailəsindəndir, özsözlərinə görə isəortabab kəndli mənşəyinəmalikdir. İnqilaba qədər-öz sözləri-nə görə ortabab kəndli olub, lakin sənədlərə əsasən qolçomaqdır. İnqilabdan sonra - öz sözlərinə görə yoxsul kəndli, sənədlərə əsasən - səsi alınmış qolçomaqdır. Ağlarda, əks inqilabi ordularda xidmət etməyib, sovet hakimiyyətinə qarşı üsyan qaldırmış bandalarda iştirak etməmişdir. Bitərəfdir, orta təhsilə malikdir. Tutulduğu əsnada yaşadığı Kirovabad şəhəri Əzizbəyov küç. 169 ünvanda yaşayan ailəsi beş nəfərdən ibarətdir: arvadı - Mələk - 40 yaş, oğulları Müseyib - 16 yaş, Bahadur - 9 yaş, Rəşid - 7 yaş, Arif - 3 yaş. Dustağın hazırda Qazax həbsxanasında saxlandığı qeyd olunur (Onu Gəncədə həbs etdikdən sonra Qazağa gətirmişdilər).
Musaköy kənd soveti tərəfindən Osman ağa Dilbazova dair verilmiş 8 mart 1938-ci il tarixli türkcə yazılmış və ruscaya tərcümə edilərək işə tikilmiş arayışda deyilir:
«Verilir Dilbazov Osman ağa Əbdürrəhman ağa oğluna ondan ötrü ki, keçmişi məşhur ağa-kulak sinfindəndir, inqilaba kimi 200 baş qoyunu, 100 atı, 300 baş qaramalı, 220 hektar meşəsi, 70 hektar torpağı olmuş və qapısında 8-9 nəfər muzdur saxlamış, Şuratəşkili zamanı Osman ağanın variyyəti dağılmış, 1920-ci ildən yeni Konstitusiyaya qədər səsi alınmışdır. Osman ağanın qardaşı Dilboz və Əli Dilbazovlar bandit olan vəqti 1927-ci ildə hökumət tərəfindən güllələnmiş.
1929-cu ildə Osman ağa qorxusundan qaçıb başqa rayonlarda gizlənmiş, qohumlarından Mansırağa Dilbazov, Nəsrəddin ağa Dilbazov, Ziyaddin ağa Dilbazov (Zirəddin ağa Dilbazov demək istəyib-İ.U.)operasiya zamanı güllələnmiş.
1937-ci ildə qohumu olan Qorçu Abdurrəhman oğlunun yanına gəlib-gedirdi, onun ilə hər bir şəxsi əlaqəsi var idi».
(Bu arayışda qeyri-dəqiqlik o idi ki, Dilbaz ağa 1927-ci ildə deyil, 1923-cü ildə tutulub güllələnmişdi; Osman ağanın güllələnən qohumları sırasında adı çəkilən Ziyaddin ağa başqa adamdır, əslində Zirəddin ağa güllələnmişdir).
Martın 8-də operativ işçi V.Frik (Dasayev, Korotkov, Yelyan, Avakov, Xaçaturovla yanaşı Qazaxda 20-30-cu illərdə özlərindən sonra qanlı iz buraxmış cəlladlardan biri -İ.U.) tərəfindən aparılmış birinci dindirmə bu şəkildə cərəyan etmişdir:
Sual: Nə vaxt və nə üstündə məhkum olunmuşsunuz?
Cavab: Heç vaxt məhkum olunmamışam. Mənim ögey qardaşımın qaçaq düş-məsi işi ilə bağlı kəndimizdə 2-3 gün gözaltında saxlanmışam. Qardaşım bu iş üstündə 1926 və ya 1927-ci ildə güllələndi.
Sual: Sizin vətəndaşlıqdan məhrum edilmənizin səbəbi?
Cavab: Bəy oğlu olmağım səbəbincə 1923-cü ildə vətəndaşlıq hüququndan məhrum edilmişdim.
Sual: Siz düz danışmırsınız. Siz qolçomaqlıqdan salınmaya məruz qoyulmuş keçmiş qolçomaq olaraq səs hüququndan məhrum edilmişsiniz. Kənd sovetindən sizə verilən arayışdan görünür ki, keçmişdə qolçomaq olmuşsunuz. Bunu təsdiq edirsinizmi?
Cavab: Mən qolçomaq olmamışam, qolçomaqlıqdan salınmaya məruz qoyulmamışam. Vətəndaşlıq hüququndan məhrum edilməyim, təkrar edirəm, bəy oğlu olmağım üzündən idi.
Sual: Siz düz danışmamaqda davam edirsiniz. Siz qolçomaq olmuşsunuz. Siz habelə Musaköy kəndinə gəlib-gedir, kolxozçular arasında sistematik olaraq təbliğat aparırmışsınız. Mövcud quruluşa böhtanlar atır, kolxozçuların məişətinə və kolxoz quruculuğuna böhtanlar demişsiniz. Bunu təsdiq edirsinizmi?
Cavab: Təkrar edirəm, qolçomaq deyildim. Musaköy kəndinə gedib-gəlmirəm, deməli, orada təbliğat apara bilməzdim.
Sual: Sizə Mustafa Nəsib oğlunun ifadəsi oxunur: «Delibozov Osman bizim kəndə gəlib-gedirdi və kolxozçularla, o cümlədən mənimlə söhbətində sovet hökumətinin guya tezliklə yıxılacağını deyirdi. Kolxozçuların məişət həyatı barədə böhtan deyirdi». Bu ifadəni təsdiq.edirsinizmi?
Cavab: Mustafa Nəsib oğlu düzgün danışmayıb. Onun ifadəsini təkzib edirəm.
Sual: Mustafa Nəsib oğlunun ifadəsini Kazım Murad oğlu və Dəlibaşov Qələndər təsdiq edərək, ifadə vermişlər ki, siz keçmişdə qolçomaq olubsunuz, vaxtaşırı kəndə gəlir və əksinqilabi təbliğat aparır, əksinqilabi şayiələr yayırmışsınız. Buna nə deyirsiniz?
Cavab: Onlarda düzgün danışmırlar. Mən əksinqilabi təbliğatla məşğul olma-mışam. Onların ifadələrini qətiyyətlə rədd edirəm.
Şahid Mustafa Nəsib oğlunun (1870, savadsız, Musaköy kəndi Kirov adına kolxozun üzvü) ifadəsi Frik tərəfindən bu tərzdə tərtib olunmuşdu:
«Delibozov Osmanı mən çox yaxşı tanıyıram. Onun həm inqilabdan əvvəl, həm də sonra 8 ilə yaxın muzduru olmuşam. Delibozov Osmanın iri qolçomaq təsərrüfatı - 300-ə qədər qoyunu, 300-ə qədər mal-qarası, 100-ə yaxın atı, öz meşə sahəsi vardı, öz təsərrüfatında həm daimi, həm də mövsümi işçi qüvvəsini istismar edirdi. 1923-cü və ya 1924-cü ildə Osman ağanı qəti olaraq qolçomaqlıqdan saldılar və səs hüququndan məhrum etdilər. Qolçomaqlıqdan salındıqdan sonra Osman ağa kənddən sürgün edildi, arabir kəndimizdə görünürdü, özü də həmişə Qorçu Abdurəhman oğlunun - aşkar əksinqilabi ünsürün evində qalırdı. Keçən 1937-ci ildə mən Delibozov Osman ilə görüşdüm, mənimlə söhbətində dedi ki, ona - Delibozova gu-ya məlumdur ki, sovet hökuməti yaxın zamanlarda yıxılacaq, deyirdi ki, kolxozlar çox yaşamazlar. Söhbətində Delibozov  Osman sovet hökumətindən bərk narazılığını ifadə etdi» (imza atmaq yerinə barmaq basıb).
Kazım Murad oğlunun (1871, savadsız, Kirov adına kolxozun üzvü) ifadəsi bu məzmunda tərtib edilmişdir:
«Delibozov Osman ağanı mən yaxşı tanıyıram, inqilabdan əvvəl 10 ilə yaxın muzduru olmuşam. Osman ağanın iri qolçomaq təsərrüfatı -180 qoyunu, 225 başa yaxın mal-qarası, 200-ə yaxın atı, 170 desyatinə yaxın meşə sahəsi vardı. Həm daimi, həm də mövsümi işçi qüvvəsini istismar edirdi. 1922-ci ildə Delibozov Osman ağa birdəfəlik qolçomaqlıqdan salındı və yeni konstitusiyaya qədər səs hüququndan məhrum edildi. Qolçomaqlıqdan salındıqdan sonra Osman ağa kənddən çıxıb getdi, arabir kəndimizdə görünərdi. Osman ağanın qardaşı Dilboz ağa Delibozov bandit idi, 1927-ci ildə sovet hökuməti tərəfindən güllələndi. 1929-cu ildən bəri Os-man ağa qorxusundan başqa rayonlarda gizlənirdi. Qohumlarından: Mansır ağa, Nəsrəddin ağa, Ziyaddin ağa Dilibozovlar operasiya zamanı güllələndilər. 1937-ci ildə qohumu Qorçu Abdurəhman oğlunun yanına gəlmişdi və onunla əlaqə saxlayırdı, əksinqilabi söhbətlər edirdi ki, tezliklə sovet hökuməti yıxılacaq, Türkiyə gələcək». (Əlavə edək ki, Osman ağanın qaynı Qorçu Əbdürrəhman oğlu sovetfəalları-nın gözündə antisovet ünsür sayılsa da, hər halda, repressiya olunmayıb, çox sonralar öz əcəli ilə dünyadan köçmüşdür - İ.U.).
Martın 8-də Dəlibaşov Qələndər Məmməd oğlundan (1903, azsavadlı, kolxo-zun dəmirçisi) alınmış ifadə Frik tərəfindən bu səpkidə tərtib olunmuşdu:
«Delibozov Osman ağanı mən yaxşı tanıyıram. inqilabdan əvvəl iri qolçomaq təsərrüf atı - 250-yə yaxın qoyunu, 185 baş mal-qarası, 240-a qədər atı, özünün 200 desyatinə qədər meşə sahəsi vardı. Təsərrüfatında 7-8 muzduru istismar edirdi. 1922/23-cü illərdə qolçomaqlıqdan salındı və yeni konstitusiyaya qədər səs hüququndan məhrum edildi. Osman ağanın qardaşı Əli ağa Dilibozov bandit olarkən 1927-ci ildə sovet hökuməti tərəfindən güllələndi. 1929-cu ildə Osman ağa qorxusundan müxtəlif  rayonlarda gizlənirdi. Qohumlarından Mansır ağa, Nəsrəddin ağa, Ziyaddin ağa Dilibozovlar 1931-ci ildə operasiya zamanı güllələndilər. 1937-ci ilin yazında və yayında qohumu Qorçu və Sarı Abdurəhman oğullarının yanına gəlmişdi və onlarla əlaqə saxlayırdı, kolxoz quruculuğu əleyhinə əksinqilabi təbliğat aparırdı. Deyirdi ki, kolxozda olmaqdansa, təktəsərrüfatçı qalmağınız daha yaxşıdır. Bu sözlərimi Kazım Murad oğlu və Mustafa Nəsib oğlu təsdiqləyə bilər».
Bolşeviklərin fasiləsiz işləyən ölüm maşını üçün bu dərəcədə minimum «istintaq» kifayət edirdi və V.Frik ittiham rəyini tərtib edir. Maraqlıdır ki, müttəhim və şa-hidlər martın 8-də dindirildiyi halda ittiham rəyində bir gün əvvəl - 7 mart tarixi var. Yəni “istintaq” aparılmadan ittihamnamə artıq hazır idi.
Delibozov Osman qolçomaqlıqdan salındıqdan sonra və repvessiya olunacağından qorxaraq öz kəndindən çıxıb gedərək Kirovabad şəhərində məskunlaşmışdır. Arabir Qazax rayonunun Musaköy kəndinə, öz əvvəlki yaşayış yerinə gəlir, əksinqilabi elementlərlə əlaqə saxlayır. Kolxozçularla söhbətində bu məzmunda ifadə olunan əksinqilabi təbliğat aparır:
«1. Əksinqilabi məqsədlərlə sovet hökumətinin guyayaxın vaxtlardayıxılacağı haqqında şayiələr yaymışdır.
2. Kolxozçuların məişətinə əksinqilabi böhtanlar atmışdır.
3. Sovet hökumətinin tədbirlərini əksinqilabi mövqedən tənqid etmişdir. istintaq şahid ifadələri ilə təsdiqlənir. Müttəhim boynuna almır».
İttiham rəyi Qazax rayon operativ qrupunun rəisi, dövlət təhlükəsizliyi kapitanı Brutents tərəfindən həmin gün avtomatik qaydada təsdiqlənir.
Aradan üç gün keçmiş Azərbaycan SSR XDİK «troyka»sı (sədr Rayev, üzvlər Teymur Yaqubov, Əli Hüseynov, katib Savçenko) martın 11-də Osman ağa Dilbazovun işinə baxaraq, «güllələnsin, əmlakı müsadirə edilsin» qərarı çıxarır.
28 mart 1938-ci il tarixdə Azərbayan SSR XDİK DT baş mayoru Rayevin «tam ıməxfi» qrifi altında AzSSR XDİK DTİ-nin şöbə rəisi DT baş leytenantı Suxanova ünvanlanmış əmrində Azərbaycan SSR XDİK üçlüyünün 11 mart 1938-ci il qərarına əsasən, 1938-ci il martayının 20-dən 21-nə keçən gecə- Novruz gecəsi 209 nəfərdən ibarət məhkumlar qrupu haqqında çıxarılmış ən yüksək cəza - güllələnmə hökmünün icrası tələb olunurdu.
Onların arasında Osman ağa Əbdürrəhman ağa oğlu Dilbazov da vardı. O, güllələnəndə 45 yaşında olduğu göstərilir...
Osman ağa 1938-ci ildə siyasi zəmində repressiya olunmasına baxmayaraq, oğlu Müseyib Dilbazi cəbhədə igidliklə döyüşmüş və hətta onu dövlət mükafatına təqdim etmişdilər. Cəbhədə partiya sıralarına qəbul edildikdən sonra bu statusundan cəsarətlənən Müseyib Dilbazi 1943-cü ildə ön cəbhədən SSRİ MİK sədri Mixail Kalininə ərizə yazaraq siyasi dustaq bildiyi atasına bəraət verilməsini xahiş etmişdir.
«1943-cü ildə SSRİ MİK sədri, «ümumittifaq ağsaqqalı» Mixail İvanoviç Kalininə məktub yazaraq, atamın əsassız ittihamlarla tutulduğunu bildirdim və ona bəraət verilməsini xahiş etdim. 1942-ci il martın 1-də ona bəraət vehldiyi barədə cavab aldım, lakin deyilirdi ki, «bəraət aldıqdan sonra xəstə olduğuna görə Vətənə gedə bilməyib və Krasnoyarskda martın 8-də həbs düşərgəsində ürək xəstəliyindən vəfat etmişdir»», - deyə Müseyib Dilbazi danışırdı. Hətta gənc əsgərə atasının bu «ölümü» ilə bağlı o vaxtın pulu ilə 2700 manat kompensasiya da ödənilir...
Müseyib əmi deyəsən, bu cavabın gerçəyi əks etdirdiyinə səmimiyyətlə inanırdı və mən deyəndə ki, Osman ağa Dilbazovun adı 1938-ci ildə güllələnmiş məhkumların siyahısındadır və bu sənəd artıq toplu halında nəşr edilmişdir, buna bərk təəccübləndi. Mən ona müharibə illərində cəbhədə fədakarlıqla vuruşan vətəndaşlar repressiya olunmuş qohumlarının əfv edilməsi xahişi ilə dövlət rəhbərliyinə müraciət etdikdə, onlara həmin şəxsin artıq güllələnmiş olduğunu gizli saxlamağı vacib bilərək, guya tutulduqdan bir neçə il sonra həbs düşərgəsində hansısa bir xəstəlikdən öz əcəli ilə vəfat etmiş olması barədə yalan cavablar verilməsi «praktikasını» xatırlatdıqda, «ola bilər» deyə fikrə getdi.
Müseyib Dilbazinin söhbətlərindən:
- Atam Osman ağanın keçmişlərə dair son dərəcə maraqlı yazılı xatirələri vardı və mən bu xatirə dəftərini açıb arabiroxuyurdum. Müharibədən gələndə gördüm ki, anam nə fikirləşibsə, bu dəftəri də ailənin keçmişlərinə dair başqa sənədlərlə birlikdə yandırıb...
Osman ağanın oğlu Bahadur Dilbazov 1957-ci ildə hökumətə ərizə verərək, atasının işinə yenidən baxılması və ona bəraət verilməsini xahiş etmişdir. İşdə bu ərizədən söz getsə də, mətni yoxdur. Hər halda, 1957-ci ilin sonu və 1958-ci ilin yanvarında sözügedən ərizə əsasında bu işə yenidən baxıldığına dair sənədlər var. Qazaxda 1938-ci ildə dindirilmiş şahidlər yenidən dindirilir və yeni şahidlərdən ifadələr alınır.
Şahid Həmişəyev Kazım Murad oğlu 1957-ci il dekabrın 21-də Qazax rayon prokuroru İ.Musayev tərəfindən yenidən -aradan 20 il keçəndənsonratəkrardindirilir və ifadə azərbaycanca alınır:
«...Mən Dilbazov Osman ağa Əbdürrəhim ağa oğlunu tanıyıram. Onunla mənim heç bir ədavətim yoxdur, qohumluğumuz da olmamışdır. Onu 1938-ci ildə tutdular, hazırda harada olduğunu bilmirəm.
1938-ci ildə məni Qazax şəhərinə NKVD-nin rayon şöbəsinə çağırmış və Osman ağanın haqqında dindirmişlər. İşin ikinci vərəqində olan ifadəni mən vermisəm. imza da mənimdir.
Dilbazov Osman ağa çox varlı-dövlətli adam idi, Onun 200 başa qədər iribuynuzlu mal-qarası, 200 başa kimi atı, 100 başdan çox qoyunu, 150 hektardan çox meşəsi vardı. Onun dövlətinin bir hissəsi özü tərəfindən dağıdılmışdı, bir hissəsini də sovet hökuməti müsadirə etdi, kasıblara payladılar, hətta bir cüt öküzü mənə verdilər.
Dilbazov Osman ağa çoxlu nökər saxlayırdı. Hətta mən də onun nökəri olub, arabasını işlədirdim.
Dilbazov Osman ağa hüquqdan məhrum edilmişdi. Onun qardaşı Əli və Dilbaz sovet hökuməti tərəfindən güllələndi. Osman ağanın qohumlarmdan Nəsrəddin ağa, Ziyaddin ağa da sovet hökuməti tərəfindən 1929/30-cu illərdə güllələndi. Mansır ağa isə sürgün olunmuş, sürgündə ölmüşdü.
Osman ağa sovet hökumətinin guya müvəqqəti olacağından camaat arasında danışaraq, guya sovet hökuməti yıxılacaq, Türkiyə hökuməti gələcək kimi əksinqilabi sözlər söyləyirdi, eşidənlər də onu məzəmmət edirdilərsə də, onları eşitmirdi. Osman ağa tutulanda kənd sovetinin sədri Hüseyn Hacıyev idi, katibinin kim olmasını unutmuşam.
Osman ağanı Dəlibaşov Qələndəryaxşı tanıyırdı, Mustafa Nəsib oğlu tanıyırdı, lakin onlar ölmüşlər. Hazırda Osman ağanı tanıyanlardan Musayev Qələndər, Şahbazov Çoban, Əliyev Məmməd Dönü oğlu, Alməmməd Alməmmədov, İsmayıl Hüseynxan oğlu və b. sağdırlar.
Osman ağa və ailəsi sovet hökuməti tərəfindən sürgün olunmuşdu, sürgündən qayıdandan sonra Kirovabada gəlmişlər. Ona görə də, kolxoza daxil olmamışdır».
Musayev Qələndər İbrahim oğlu (1920-ci ildən Sov.İKP üzvü, savadsız, imza bilir, 1938-ci ildə Musaköy kənd sovetinin sədri) 1957-ci il dekabrın 23-də İ.Musayevə verdiyi ifadəsində deyirdi:
«Sabiq Musaköy kənd sakini Dilbazov Osman ağanı tanıyırdım. Onunla mənim heç bir qohumluğum və ədavətim yoxdur. O, 1938-ci ilin əvvəllərində həbs olunmuş, hazırda harada olduğunu bilmirəm.
Dilbazov Osman ağa və atası Əbdürrəhim ağa çox varlı olmuşlar. Belə ki, Osman ağanın 200 başakimi iribuynuzlu malı, 200 başa kimi atı, 100 başdan çox qoyunu, 100 hektara kimi meşəsi vardı.
Sovet hökuməti təşkü olunan vaxt mal-qarasını yoxsullara payladıq, at ilxısını isə Ermənistan SSR territoriyasına qaçırtdılar (meşə ilə), ona görə də bir at belə ələ keçmədi.
Dilbazov Osman ağanın çoxlu mal-dövləti olub, çoxlu nökər saxladığına görə hüquqdan məhrum edilmişdi. O, həbs olunana kimi orada-burada, müxtəlif  yerlərdə olurdu, kəndə də gəlib-gedirdi. Osman ağanın qardaşları Dilboz, Əli qaçaqlıq edirdilər. Osman ağa da həmişə onlarla əlaqə saxlayırdı. Qaçaq Əli sovet hökuməti tə rəfindən güllələndi, Dilbozu da mən kənd sovet. sədri işləyəndə tutub hökumətə verdim, hökumət güllələdi. Osman ağa həmişə hökumət və kolxoz əleyhinə danışırdı, hər iki quruluşun guya müvəqqəti olmasını deyirdi, camaat arasında söyləyirdi, amma kimlərin bu söhbətləri eşitdiyini mən unutmuşam.
Dilbazov Osman ağanın qohumları da sovet hökuməti əleyhinə olduqlarından sovet hökuməti tərəfindən güllələndilər. Onlardan Nəsrəddin və Ziyəddin ağa, Mansır ağa 1930-cu ildə güllələndilər.
Nə Osman ağa özü, nə də qohumları kolxoza daxil oldular. Osman ağa tutulan vaxt kənd sovetinin sədri Orucov Hüseyn, katibi Əliyev Zöhrab olmuşlar. Orucov vəfat etmişdir. Əliyev isə hazırda 7 illik məktəbdə müəllimdir».
Həmin gün - dekabrın 23-də  Əliyev Zöhrab (1915-ci il təvəllüd, 1945-ci ildən Sov.İKP üzvü) da dindirilir. O deyir:
«...Dilbazov Osman ağa qohumumdur. Osman ağanın həyat yoldaşı mənim atamın dayısı qızıdır, özümün və həyat yoldaşımın mamasıdır.
Mən 1938-ci ilin may-iyul aylarına kimi kənd sovetinin katibi vəzifəsində işləmişəm. Orucov Hüseyn də kənd sovetinin sədri idi. Düzgün tarixini bilmirəm, 1938-ci ilin əvvəllərində kənd sovet sədrini və məni rayona en-ke-ve-de çağırdı, Dilbazov Osman haqqında yoxlama istədilər.
Biz onun haqqında həqiqi arayış vermək istəyirdik, lakin NKVD işçisi Frik razı olmadı. Sonra kimə isə siz göstərdiyiniz 8 mart 1938-ci il tarixli 101 nömrəli yoxlamanı yazdırmış, Orucov Hüseynə təsdiq etdirmişdir. Yoxlamadakı imzanın mənim olmağını unutmuşam, amma yazı mənim deyildir.
Dilbazov Osman ağanın çoxlu mal-qarasının olmasını və meşə sahələrinin olmasını mən görməmişəm, onları camaat danışırdı. Osman ağanı sifətdən tanıyırdım, hərdənbir kəndə gəlirdi, əksər vaxtlarda başqa rayonlarda qulluq edirdi».
1920-ci ildən Sov.İKP üzvü, «İskra» kolxozunun sədri, 1938-ci ildə Musaköydə «Kirov» kolxozunun ilk partiya təşkilatı katibi Nəsibov Hacımahmud Əhməd oğlu (1892-ci il təvəllüd) 25 dekabr 1957-ci il tarixli ifadəsində bildirmişdir:
«...DİIbazovOsman ağanın var-dövlətinin birhissəsini 1921-23-cü illərdə sovet hökuməti alıb kasıblara payladı, bir hissəsini isə meşələrlə Ermənistan tərəfə qaçırtdıqlarından ələ keçmədi, habelə onun ilxılarından bir baş at da olsun tuta bilmədik.
Dilbazov Osman ağanın qardaşları Dilbaz və Əli sovet hökuməti əleyhinə qaçaqlıq etdiklərindən Dilbazı Bakıda sovet hökuməti güllələdi. Əli isə sovet hökumət orqanları ilə atışma vaxtı öldürüldü, hətta atışmada mən də iştirak etdim. Osman ağanın qardaşları güllələnəndən sonra, arvadını da aparıb qaçdı Kirovabada və başqa yerlərdə yaşadı və işlədi. Nəhayət, 1938-ci ildə həbs olundu.
Dilbazov Osman ağanın var-dövləti müsadirə edilib yoxsullara paylanan vaxt əksinqilabi danışıqlar aparırdı, o guya «sovet hökuməti müvəqqətidir, gec-tez yıxılacaq, çox davam eləməyəcək, sovet hökuməti camaatı incidir» və s. kimi sözlər deyirdi. Şəxsən mən onun bu kimi əksinqilabi danışıqlarını eşitmişəm və onu nə qədər məzəmmət elədimsə də, yenə də eşitmirdi.
Osman ağanın qohumlarından Ziyrəddin ağa, Nəsrəddin ağa 1930-cu ildə kənddə, Mansır ağa isə Qazax şəhərində sovet hökuməti tərəfindən koixoz quruluşu əleyhinə olduqlarına görə güllələnmişlər».
İşə tikilmiş sənədlər arasında şahidlərdən Dəlibaşov Qələndər Məmməd oğlunun 1937-ci ildə həbs olunduğu və qayıtmadığı barədə arayış vardır.
Bütün toplanmış köhnə və yeni materiallardan sonra Qazax rayon prokuroru İ.Musayev dekabrın 25-də ağlasığmaz görünən belə bir rəy verir ki, Dilbazov Osman ağa Əbdürrəhman oğlunun haqqında görülmüş tədbir düzgündür. Bu rəyə Azərbaycan SSR prokurorunun xüsusi işlər üzrə köməkçisi Eminov tərəfindən də baxılır və düzgün sayılır. Onun qərarını 1958-ci il yanvarın 8-də Azərbaycan SSR prokuroru İ.İ.İsmayılov qüvvədə saxlayır.
Stalinin şəxsiyyətinə pərəstiş arxada qalsa da, göründüyü kimi, Osman ağa bəraət ala bilmir. Osman ağa Dilbazov barəsində cinayət işinə SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 yanvar 1989-cu il fərmanına əsasən yenidən baxılmış və onun barəsində 1989-cu il avqustun 28-də bəraət hökmü verilmişdir.
Osman ağa Dilbazov Xanlıqlar kəndində Qorçular nəslindən Mələk Əbdürrəhman qızı (1901) ilə evlənmişdir. Rəiyyət qızı olan Mələk xanım evdar qadın olmuş, həyatını atadan yetim qalmış övladlarını böyüdüb boya-başa çatdırmağa həsr etmişdir. Mələk xanım 1997-ci ildə vəfat etdi.
Osman ağanın övladları: Müseyib, Rəşid, Bahadur, Arif, Nigar. Onlardan Müseyib, Rəşid və Bahadur Dilbazilər barədə irəlidə geniş danışılacaq. O biri iki övladına gəldikdə, Nigar 6-7 yaşlarında - atası Osman ağa Qusarda işləyəndə orada tələf olmuşdur.
Osman ağanın dördüncü oğlu Arif (1935-ci ilə təvəllüd) müharibədən sonrakı illərdə, 1947-ci ildə vəfat etmişdir. Deyilənə görə, istedadlı bir yeniyetmə imiş.

Abunə olun

Yeniliklərdən xəbərdar olun