18.08.1912 - 12.07.2001
BƏNÖVŞƏLƏR ÜSTƏ GÖZ YAŞLARI
Gözəl, zərif ürəkli, üz-gözündən nur yağan, sözləri mirvari dənələri kimi düzülən, ilıq nəfəsi indi də duyulan, ürəyəyatımlı şeirləri, sevilən poemaları, sözlərinə yazılan nəğmələri ilə hələ də "ürəkləri isidən" xanım yazarımız - ilk qadın Xalq şairimiz Mirvarid xanım Dilbazi.
"Bənövşələr üstə göz yaşları" - Mirvarid xanım uşaqlığından ona dinclik verməyən xatirələrini, yaşadığı ömür, zaman məkanında görüb-götürdüklərini, öz-özü ilə danışdıqlarını, ürək çırpıntılarını bu adla köçürdüyü kitabında qələmə almışdır.
Ən uzun bənövşə ömrünü də elə MİRVARİD xanım yaşadı - 89 il..
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi, Mirvarid Ana, Mirvarid ciji...
Onun həyat düsturu təxminən belə oldu: "Əsilzadə kimi doğuldu, yoxsulluğu daddı, ayaq üstündə durmağı bacardı, zərif sevgi yaşadı, ayrılıqlara alışdı..."
Bütün bunların içində bağlandığı və əbədi könül verdiyi Söz oldu.
"Şeirim qəlbinizə yol tapa bilsə,
Heç vaxt əyə bilməz bir kədər məni, -
deyən şairə 40-dan çox kitabı ilə oxucunun görüşünə gəldi. Hər dəfə də yeni söz, yeni nəfəs, yeni arzu, yeni diləklə. Uca Yaradanın nəzəri, özünün nəcabəti, səmimiyyəti, həyat tərzi, zəhməti, istedadı, sevgisiylə xalqın istəyini qazandı.
Xalqla arasında olan səmimiyyətə uzun ömründə kölgə düşmədi. Bu, çox az insana nəsib olan xoşbəxtlik idi.
Mirvarid Dilbazi bunu bacardı.
Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.
XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır.
Mirvarid Paşa qızı Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur.
Qeyd:
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır:
"Əslim – Dilbazilərdən
Mərdlər böyüdən yerdən,
Südüm mələk südüdür,
Sərvətim nəğmələrdən –
Özüm də Dilbaziyəm
Azərbaycan qızıyam!"
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”
Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə almışdır ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.
Yaradıcılığı:
Onun yaradıcılığı mirvari dənələri kimidir – şəffaf, zərif, xoşagələn... Hansısa bir şeirini ürəyinə taxıb günlərlə, illərlə, bir ömür zümzümə edə bilərsən...
Mirvarid Dilbazi həmişə ana Vətəni, ana təbiəti və doğma anasını kövrək hisslərlə tərənnüm etmişdir.
İlıq küləklər əsdi,
Yar gəlməyə tələsdi.
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...
Bənövşə dəstə-dəstə,
Qızılgül yarpaq üstə,
Sular axır ahəstə,
Anam yadıma düşdü...
"Qadınların hürriyyəti” adı ilə ədəbiyyata qədəm qoyan Mirvarid xanım Dilbazi özü də hiss etmədən ədəbiyyatımızın ana obrazına çevrildi. "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur.
"Qadınların hürriyyəti” adı ilə ədəbiyyata qədəm qoyan Mirvarid xanım Dilbazi özü də hiss etmədən ədəbiyyatımızın ana obrazına çevrildi. "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur.
Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir.
M.Dilbazinin 70–80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972), "Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982–84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.
O, həmçinin, "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir.
"Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazmışdır.
Mirvarid Dilbazi Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın onun sözlərinə bəstələdiyi "Evimizə gəlin gəlir" mahnısı xüsusilə dillər əzbəridir:
Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!
Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Elə sevinc, fərəh gəlir,
Bir işıqlı ürək gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!
İki qonça cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir, hey!
Bu oğlanı şadlandıraq, şadlandıraq!
Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq, adlandıraq.
Mirvarid Dilbazi bir ömür şeir yazdı, amma heç vaxt torpaqdan qopmadı. Əksinə, torpağa sığındı, insanın torpaqdan yarandığını, torpaqdan cücərdiyini unutmadı. Həyatda da torpaq kimi sadə, torpaq kimi təvəzökar, torpaq kimi mərhəmətli oldu. Hərdən dənizə də oxşadı, coşub-daşdı, qəlbinin dupduru sularından, yosunların arasından ona lazım olan söz mirvarisini tapıb üzə çıxardı, bir ömür sözün pərvanəsi oldu. Od tutub yandığı vaxtlar da oldu, üşüdüyü zamanlar da...
Ən uzun bənövşə ömrünü Mirvarid xanım yaşadı. 89 il...
Heç vaxt başqasına bənzəmədi, heç vaxt başqasına baş əymədi, onsuz da onun obrazında bənövşəyə məxsus bir boynubüküklük vardı, ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələdi.Qarabağ nisgili ilə 2001-ci il iyul ayının 12-də dünyasını dəyişdi...
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Mirvarid Paşa qızı Dilbazi 23 fevral 1979-cu ildə "Azərbaycan SSR Xalq şairi" fəxri adına layiq görülmüşdür.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Mirvarid Paşa qızı Dilbazi 23 fevral 1979-cu ildə "Azərbaycan SSR Xalq şairi" fəxri adına layiq görülmüşdür.
O, iki dəfə "Şərəf Nişanı" ordeni ( 31 yanvar 1939; 9 iyun 1959), 17 avqust 1982-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 23 fevral 1976-cı ildə "Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi" fəxri adı, 18 avqust 1997-ci ildə "Əmək İgidliyinə görə" medalı" və "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Haşiyə:
Yeri gəlmişkən, 23 il əvvəl, 3 sentyabr 1999-cu ilin bir xatirəsini də yada salmaq ustəyirəm. Azərbaycanın Xalq şairi Mirvarid xanım Dilbazi, ölməz Səməd Vurğunun qızı, Əməkdar İncəsənət işçisi Aybəniz xanım Vəkilova, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin rəhbəri Narınc Cəfərova (Narınc Xatun)(məkanları cənnət olsun), Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Lətifə Əliyeva Qaradağ rayonuna dəvət olunmuşdular.
Eloğlumuz, tanınmış neftçi-şair Zaməddin Ziyadoğlunun "Vurğuna vurğun gəlin' pyesinin motivləri əsasında tamaşa hazırlanmışdı.
Z.Ziyadoğlunun Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşa kiçik səhnədə böyük təəssüratlar yarada bildi. Tamaşada söz ustadına ümumxalq məhəbbəti öz əksini tapıb. Xalq artisti Lətifə Əliyeva öz oyunu ilə bu məhəbbəti dolğun şəkildə nümayiş etdirməyə nail oldu.
Böyük sevgi üzərində qurulan bir aktyorun oyunu tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı. İzləyicilər “Vurğuna vurğun gəlin”i çiçək yağışına qərq etdilər.
Qaradağ rayonunun Ə.Əmirov adına Mədəniyyət sarayında nümayiş olunan bu tamaşa və tamaşadan sonra rayonun o vaxtkı İcra başçısı Yaqub Əliyev, Ə.Əmirov adına NQÇİ-nin direktoru Kərim Kərimovun iştirakı ilə keçirilən görüş, yəqin ki, uzun illər iştirakçıların yadından çıxmayacaqdır.
Mədəniyyət sarayının zalında ayaq qoymağa yer yox idi. Gül-çiçək yağışına bürünən qonaqlar, o cümlədən Mirvarid xanımın üz-gözündən də elə gül ətri, sevinc, təbəssüm yağırdı. Hamı Mirvarid xanımın, Aybəniz xanımın, Narınc xatunun, Lətifə xanımın başına yığışmışdı.
Çox maraqlı və yaddaşlarda iz salan tamaşadan sonra Mirvarid xanım Dilbazi ürək sözlərini də söylədi. Tamaşanın yüksək təşkilatçılıqla hazırlandığını və Lətifə Əliyevanın təkrarsız aktyor bacarığını qeyd etdi, bahar oğlu Xalq şairimiz Səməd Vurğunun ürəklərdə yaşayan və bu gün də dillər əzbəri olan gözəl poeziya nümunələrindən də söz açdı.
Şirin, gözəl ləhcəsi ilə söylədikləri, xoş, həlim səsi, şəfqətli siması iştirakçıların çox xoşuna gəldi. Mirvarid xanım onu da qeyd etdi ki, böyük insanlar, əsil sənətkarlar gözəl xatirələri ilə ürəklərdə, yaddaşlarda qalır, yaşayır. Və elə bu xatirələr, təəssüratlar da özlərindən sonra onları yaşadır. Böyük Səməd Vurğun kimi...
Həmin gün bu sözlər daha çox sizə yaraşırdı, Mirvariid xanım! Siz də gözəl, yaddaqalan xatirələrinizlə hər bir sənətsevərin, sizi tanıyanların, sevənlərin qəlbində işıqlı izlərlə, xoş xatirələrdə yaşayacaqsınız.
P.S.
Mirvarid xanım ata-anamın, nəsil-kökümün doğulduğu torpaqdan -Xanlıqlardandır. Fəxr edirəm ki, mən də bu zərif ürəkli şairənin, gözəl Ananın torpağındanam. Onun gəzdiyi, nəfəs aldığı el-obanı mən də qarış-qarış gəzmişəm. Səyalı xanım (indiki Firudin) bulağının suyundan mən də içmişəm. "Damla"sını dadmışam. Mirvarid xanımın çox sevdiyi bənövşənin, laləlin, nərgizin ətrini, rayihəsini mən də duymuşam, hiss etmişəm. Vəli xan meşəsinin, Didəvan gölünün, güllü-çiçəkli ysmyaşıl dağlarının gözəlliklərini görüb heyran olmuşam. Dağlarından dərdiyim qucaq-qucaq al-əlvan çiçəklərinin-güllərinin ətri hələ də burnumdan getməyib... Və onun niyə bu qədər duyğulu, zərif ürəkli xanım söz adamı olduğunu başa düşmüşəm.
Son söz yerinə:
Yenə bahar gəlib. Yenə güllər açıb.
Yenə qıvrım telli bənövşə, al rəngli lalə, gözəl ətri olan nərgiz dağımızl-düzümüzü bəzəyib. Yenə boynu bükük bənövşə Mirvarid ananı görməyə gəlib. Amma onun yoxluğundan gözlərinə yaş dolsa da, hər sözü, hər söhbəti, dillərdə əzbər olan Mirvarid xanımın ürəyəyatımlı şeirləri gözü yaşlı bənövşəyə bir məlhəm olub.
...İllər keçəcək, ədəbiyyatımıza yeni ruhlu, təzə- tər nəfəsli cavanlar, yeni yazarlar gələcək. Öz yeni şeirləri, düşüncələrini paylaşacaqlar.
Amma gözəl, zərif ürəkli, üz-gözündən nur yağan, ağzı şirin söz-söhbətli ilk qadın Xalq şairimiz Mirvarid xanım Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi bənövşə ətirli, nərgiz rayihəli poeziya nümunələri bütün zamanlarda öz ətrini, təravətini itirməyəcək və onun əziz xatirəsi ürəklərdə iz salacaq, xalqımızın, bızım, yaxınlarının qəlbində əbədi yaşayacaqdır.
Mükafatlar
-
Azərbaycan Respublikasının İstiqlal ordeni
06-03-1997
Elmi dərəcələr
-
01-01-197001-01-1970
Abunə olun
Yeniliklərdən xəbərdar olun