1926-1980

NƏCMƏDDİN ƏLƏDDİN OĞLU HACIYEV (DİLBAZİ)
Dilbazilər nəslindən yetişmiş görkəmli şəxsiyyətlərdən professor Nəcməddin Hacıyevin öz əli ilə yazdığı bioqrafiyasında ailəliklə - anası, bacısı, nənəsi, babası və başqa doğmaları ilə birlikdə sürgündə olduqlarını, necə deyərlər, gözünü Aral dənizinin qumsal sahillərində, göydən od ələnən qızmar bir məkanda açdığını xatırlatmır. Atasının «1905-ci ildə anadan olduğunu, 1930-cu ildə vəfat etdiyini», 1932-ci ildə (yəni atasının güllələndiyindən bir il sonra?) Qazax şəhərində orta məktəbə daxil olduğunu, 1936-cı ildə «ailə vəziyyəti ilə bağlı Quba şəhərinə getdiyini» yazır. Əmisi Mahmud Dilbazi (Hacıyev) o vaxt bu şəhərdə yaşayır, ümumtəhsil məktəbinin direktoru işləyirdi. Lakin əmi evində bu yetim uşağın günü-güzəranı yaxşı keçmir. Keçmiş ağqvardiyaçı zabit, Rusiy; kəndlərində həkimlik edən doktor David İlyin onun və yeniyetməni himayəsinə götürür(özünün övladı yox idi və təhsili, o cümlədən musiqi (fortepiano) təhsili almış arvadı Mariya Fyodorovna ilə birlikdə onun təlim və tərbi yəsi ilə ciddi məşğul olur. Nəcməddin bu evdə rus dilini mükəmməl öyrənir, orta məktəbi rus dilində başa vurur.
Nəcməddin Hacıyev sonralar yazdığı tərcümeyi-hallarının bir variantında atasının «inqilabdan əvvəl kənd təsərrüfatı ilə məşğul olduğunu», digər bir variantda «inqilaba qədər atasının himayəsində olduğunu, inqilabdan sonra isə kənd təsərrüfatı ilə məşğul olduğunu» qeyd edirdi. Atası və babası da daxil olmaqla, nəsillikcə, ailəlikcə yaşadıqları faciəli illər barədə sovet dönəmində ciddi bir sənəd olan tərcümeyi-halda son dərəcə ehtiyatlı ifadələr işlətdiyi aydınca hiss olunur. Beləliklə, 1942-ci ildə Qubada orta məktəbi bitirir və David İlyin onu Bakıya gətirərək Azərbaycan Tibb institutunun müalicə-profilaktika fakültəsinə qəbul etdirir. Nəcməddin Hacıyev bu nəcib insanın dəstəyi ilə 1947-ci ildə o zamanlar üçün Azərbaycanda çox prestijli sayılan bu ali məktəbi müvəffəqiyyətlə başa vurur.
GƏNCLİK HƏVƏSİ İLƏ ELMİ AXTARIŞ İLLƏRİ
Tibbi karyerasına ştatdankənar ordinator işləməklə başlayıb. 1948-ci il yanvarın 6-dan isə II fakültətiv cərrahiyyə kafedrasına baş laborant təyin edilir. 1948-ci ildə partiyaya üzv ola bilir ki, bu da onun işlərinin irəliləməsində, əlbəttə, müsbət faktor rolunu oynayır. 1954-cü il dekabrın 12-dək kafedrada bu vəzifədə çalışır və hazırlaşıb Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olur. 1957-ci il dekabrın 22-dək onun aspirantura, gənclik həvəsi ilə elmi axtarış illəridir. Aspiranturanı başa vurub, Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə institutunun metodik şöbə təşkilatçısının müavini vəzifəsinə təyinat alır. 1958-ci ildə Moskvada SSRİ EATİbbi-Bioloji Problemlər İnstitutunda sovet kosmik təbabətinin və kosmik biologiyasının atası Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında «Alpinist idmançılarda periferik qanın laxtalanması və morfologiyasının gemodinamik göstəricilərinin, S-vitamin balansının dəyişilməsi» mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır. 22 sentyabr 1959-cu il tarixdə onu Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun baş elmi işçisi təyin edirlər.
1961-ci il sentyabrın 22-də yeni təyinat alır: SSRİ TEA Azərbaycan Eksperi-mental Kliniki Təbabət İnstitutunun baş elmi işçisi vəzifəsinə təyin edilir. 1963-cü il noyabrın 12-dən bu tibb mərkəzində şöbə müdiri vəzifəsini tutur. 1964-cü il oktyabrın 12-dən N.Nərimanovadına AzərbaycanTibb institutu II fakültətiv cərrahiyyə kafedrasının assistenti, 1966-cı il fevralın 4-dən isə həmin kafedranın dosenti olur. Bu illərdə «Oksigen çatışmazlığının müxtəlif vəziyyətiərində dərialtı oksigen insuflyasiyasının effektivliyi» mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi. Lakin sonra mövzuya dəyişiklik edildi və o. 1967-ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda yenə də Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında «Yüksək dağlıq şəraitdə alpinistlərin kliniki-fizioloji tədqiqi və dağ xəstəliyinin profilaktikası məsələləri (kliniki-eksperimental tədqiqat)» mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alır. Bu iş elə həmin il də Ali Attestasiya Komissiyasın-dan keçir. Ümumiyyətlə, Nəcməddin Hacıyev O.G.Qazenkonun sevimli şagirdlərindən biri idi. Bu görkəmli alim uzun illər Hacıyevin Bakıya qayıdışına qarşı çıxır, onun SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda qalıb elmi tədqiqatlarla məşğul olmasında israr edirdi. Digər tərəfdən bu illərdə Stalin rejimini Xruşşovun əvəz etməsi, Azərbaycanda Bağırovun yerinə İmam Mustafayevin, onun yerinə isə Vəli Axundovun gəlişindən dolayı rəhbərlikdə bu dəyişikliklər elmi müəssisələrə də öz təsirini göstərir, əvvəlki rəhbərin dövründə müəyyən vəzifə daşımış adamların üzərinə kölgə düşürdü. Mövqeyini qoruyub saxlamaqdan ötrü hər kəsdən son dərəcə ehtiyatla və diplomatcasına davranmaq tələb olunurdu. Nəcməddin Hacıyev 1968-ci il aprelin 29-dan 1980-ci ildə həyatdan gedənə qədər Tibb İnstitutunda II fakültətiv cərrahiyyə kafedrasının professoru idi. Sözü gedən kafedranın əsasını qoyan və onun müdiri isə professor, əməkdar elm xadimi Fuad Əfəndiyev idi (4 saylı xəstəxana onun adını daşıyır). Nəcməddin Hacıyev gematologiya, idman təbabəti və cərrahiyyənin müxtəlif məsələlərinə dair, o cümlədən kosmik çəkisizlik şəraitində və ekstremal yüksək dağlıq şəraitdə oksigenin aşağı parsial təzyiqi halında qan patologiyasının problemlərinə dair 80-ə yaxın elmi əsərin və kitabların müəllifi idi. Təyyarəçi-kosmonavtların və idmançı-alpinistlərin çəkisizlik və yüksək dağlıq şəraitlərdə dözüm problemlərinə həsr edilmiş əsərləri ilə sovet kosmik təbabət elminə öz töhfələrini vermiş ilk azərbaycanlı idi. Professor Nəcməddin Hacıyev çağdaş praktik təbabət eiminə barokameraları və barokameralarda müalicəni tətbiq etmiş ilk sovet alimlərindən biri idi.
♦ ALİM, ALPİNİST
Professor Nəcməddin Hacıyev praktik tibbi fəaliyyəti ilə yanaşı tədrislə də
məşğul idi. Tibb İnstitutunda tələbələrə rus və Azərbaycan dillərində eyni müvəffəqiyyətlə praktik mühazirələr oxuyurdu. Öz sahəsində bir tibb elmləri namizədi hazırlamışdı.
Moskva, Tallin, Kiyev, Sverdlovsk, Vyana, Roma, Sofiya, Pekin şəhərlərində
beynəlxalq konqreslərdə və simpoziumlarda Azərbaycanın cərrah-həkimlərini təmsil etmişdi. Rus dilini kamillik dərəcəsində bilməklə yanaşı, ingilis dilində tibbi materiallarla   lüğətin   köməyi   ilə   tanış   ola   bilirdi.   Elmi   məqalələri   «Xirurqiya». «AzərbaycanTibb Jurnalı», Romada beynəlxalq tibb məcmuəsində dərc edilmişdi. Fəal ictimaiyyətçi idi: 26 Bakı Komissarları (indiki Səbail) və Nərimanov rayon sovetlərinin deputatı seçilmişdi. Tələbəlik illərində institut komsomol təşkilatının katibi, 1965-66-cı illərdə ATİ həmkarlar təşkilatının sədri,  1966-71-ci illərdə institut partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor olmuşdu.  İki peşəkarlar federasiyasının təşkilatçısı və sədri idi - 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinə və Azərbaycan  Alpinizm  Federasiyasına başçılıq etmişdi. Bundan başqa, SSRİ idman ustası və SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi.bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi olmuşdu. Alpinizm onun sevimli məşğuliyyəti idi.50-60-cı illərdə alpinist qruplarının tərkibində Pamir, Alp dağları, Tyan-Şan, Böyük və Kiçik Qafqaz zirvələrinə qalxmışdı. Nalçik Dövlət Universitetinin tibb fakültəsinin təşkilində və qurulmasında göstərdiyi xidmətlərinə görə, Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdü. Professor Nəcməddin Hacıyev Tibb İnstitutunda təhsil alan çoxlu qazaxlı tələbəyə, onların elm yolunu tutanlarına təmənnasız olaraq kömək etmişdi. Professor Nəcməddin Hacıyev Bərdə-Yevlax yolunda avtomobil qəzasında həyatını itirəndə 54 yaşı vardı. Bu çox istedadlı və xaraktercə güclü insan qısa, lakin parlaq bir ömür yaşamışdı. Bakıda Dağüstü qəbristanlıqda yaxın qohumlarından Mirvarid və Yaqut Dilbazi bacıları ilə yanaşı dəfn edilmişdir.
Nəcməddin Hacıyev Adilə Abbas qızı (1936) ilə evlənmişdir. Adilə xanım da ixtisasca həkimdir.
Övladları: Mirvari, Ələddin, Aygün.
 

Abunə olun

Yeniliklərdən xəbərdar olun