1910-1994

Tale elə gətirib ki, Yaqut xanımın ilk bioqrafı onun bacısı Mirvarid xanım olmuşdur və onun məşhur «Bənövşələr üstə göz yaşları» kitabında bacısının ömür yolunun bir çox məqamlarına işıq salınır.
Anası Cavahir xanım və bacısı Mirvarid ilə birlikdə Daş Salahlıda ana babası Mustafa ağa Miralayevin evində yaşadıqları illərdə bu kənddə bacısı Mirvarid ilə birlikdə ibtidai məktəbdə oxumuşdu. Mirvarid xanımın xatirələrinə əsasən, 1920-ci ilin aprel-may aylarında bacısı Yaqutla Daş Salahlı məktəbinin üçüncü sinfində oxuduqları vaxt Bakıdan gəlmiş Mədinə xanım Qiyasbəyli (Vəkilova) bir ay onların babası Mustafa ağanın evində qonaq qalır. Mustafa ağanın iki oğlu - Qori Seminariyasının məzunu Yasin bəy və qardaşı Nəsib bəy Miralayevlər 1920-ci ilin aprel çevrilişindən sonra Türkiyəyə getmişdilər və onların evdəki zəngin kitabxanaları bu iki qızın sərəncamında idi. Onlara qonaq gəlmiş Mədinə xanım vaxtının çoxunu bu kitablarla keçirirdi və şəhərə qayıdanbaş bu kənddə təhsilli qızlardan Mirvarid və Yaqutu, o cümlədən Pəri xanım Kazım ağa qızı Paşayevanı Bakıda açılmış Qızlar Seminariyasına yazdırmaq fikrinə düşmüşdü. Onları Bakıya Pəri xanımın qardaşı, Qori Seminariyasının məzunu, o zaman orduda xidmət edən zabit Hüseyn bəy Paşayev aparır.
Onların Seminariya illəri Mirvarid xanımın «Bənövşələr üstə göz yaşları» kitabında təfsilatı ilə təsvir olunmuşdur və bu iki bacının bir müəllim, bir ziyalı, bir şəxsiyyət kimi formalaşmasında Mədinə xanım Qiyasbəyli, Badisəba xanım Köçərli, Gövhərxanım Usubova, Şəfiqə xanım Əfəndizadə və başqa qadın pedaqoqların böyük təsiri olmuşdur. İki bacı burada bir sinifdə oxuyurdular. Seminariya isə indiki Əlyazmalar institutunun binasında yerləşirdi.
Mirvarid xanım yazır ki, seminariya illərində özü şeirlər, bacısı Yaqut isə hekayələr yazırmış. 1926-cı ildə qızlar və oğlanlar seminariyaları birləşdirilib, adı Pedaqoji Texnikum qoyulur və onlar 1927-ci ildə bu təhsil müəssisəsini bitirirlər. Babaları Mustafa ağa Bakıya gəlib artıq müəllim ixtisasına yiyələnmiş nəvələrini də götürüb kəndə qayıdır. Yayda ailəlikcə Dəlidağda yaylaqda dincəlirlər.
«Bacım Yaqut mütaliəyə hamıdan çox aludə idi. O seminariyanı qurtarandan sonra gecələr dan ulduzu doğana qədər və gündüzlər hey kitab oxuyardı.
Yadımdadır: yaylaqda idik, gündüzlər bulaq başında bulaq daşının üstündə oturub saatlarla «Səfillər», «Anna Karenina», «Dvoryan ocağı», «Çalı quşu» və belə bir çox romanları oxuyardı».
Yaqut Dilbazi 1927-ci ildən Daş Salahlıda babası Mustafa ağanın məktəbə çevrilmiş evində tədris fəaliyyətinə başlayır və burada nənəsi Sayalı xanımın himayəsində olur («mələk simalı, kövrək ürəkli, əziz, fədakar Sayalı nənə» - Mirvarid Dilbazi). Mirvarid isə Bakıya qayıdır və o vaxtlar dəmiryol məktəbinin inspektoru olan Əhməd Seyidovun vasitəsi ilə Biləcəri dəmiryol məktəbinə müəllimə vəzifəsinə düzəlir.
Böyük arzular və amallarla maarif cəbhəsinə atılmış Yaqut Dilbazinin Daş Salahlı məktəbində işlədiyi vaxtların təzadlı detallarından biri budur ki, xalqının tərəqqisi üçün faydalı bir işə başlamış bu qız sinfi mənsubiyyətinə görə səsvermə hüququndan məhrum edilir.
«Bacımla mən hər ikimiz romantik duyğularla yaşayırdıq. Lakin o nasir olduğu üçün realizmi romantikaya üstün gəlirdi. Bacım 18 yaşında seminariyanı bitirib Qa-zax rayonunun Daş Salahlı kəndində müəllim işlədi. Bu məktəb babamın 6 otaqlı evində idi. Nənəm hələ də orada yaşayırdı. O qanlı-qadalı illərdə sinfi mənsubiyyətinə görə babamı həbs etmişdilər. Mənim oğul cəsarətli 18 yaşlı bacım Yaqut babamın axtarışına çıxır. Qazax həbsxanasında tapmayıb, Gəncəyə gedir. Cavan qız babamın pal-paltarı doldurulmuş ağır çemodanı çəkə-çəkə oradakı həbsxanada babamı axtarıb tapmırvə rəis Şabanbəyovun qəbuluna düşmək üçün kişilərin ürək edib gedə bilmədiyi o qorxulu idarəyə gedir. Qapıda dayanan gözətçilər dili-dodağı qurumuş bu cürətli qızı qəbula buraxırlar. Bacım danışırdı:
- Şabanbəyov məni görəndə təəccüb hissi ilə qarşıladı. Nə üçün gəldiyimi soruşdu, dedim: qoca babamı axtarıram. Təhsilimi soruşdu, seminariyada oxuduğumu biləndə dərin fikrə getdi; üzünə elə bil kədər dumanı çökdü. Xeyli axtarışdan sonra mərhəmətli bir səslə, - sənin baban Bakıda dəniz kənarındakı həbsxanadadır, - dedi. Mənə bir kağız verdi. - Bu kağızla səni oraya buraxacaqlar, - deyib qapıda duran gözətçini çağırıb dedi: - bu qızı özün Gəncə vağzalından yola sal.
Mən Bakıya gəldim. O həbsxananın rəisi köhnə çekistlərdən biri idi. O məni çox gülərüzlə qarşıladı, əhvalatı danışdım, mənə Qazaxdan olan bir neçə dustağın şəklini göstərdi. Tanıdıqlarım da oldu, ancaq tanımıram dedim. Babamın şəklini göstərəndə məni ağlamaq tutdu. Dedim bu mənim babamdır. Babamla məni görüşdürdülər, pal-paltarını verdim. Bir neçə aydan sonra babamı buraxdılar.
Babam həbsxanadan birbaşa bizim Təzəpir məscidinin yaxınında kirayə etdiyimiz otağımıza gəldi. Bu Novruz Bayramı ərəfəsində olmuşdu. Babam bir qoyun alıb kəsdirdi, yarısını yoxsul qonşulara payladı, yarısı bizə qaldı. Bir neçə gündən sonra o, kəndə qayıtdı. Bu, bizim babamla son görüşümüz oldu. Mənim bacım belə qız idi».
Mirvarid xanım bacısı Yaquta dərindən bağlı olmuşdur. O yazır:
«Anamın vəfatmdan sonra mən meylimi tam ona salmışdım. Hər şeyi onunla məsləhətləşməyi sevirdim. Bəzi məsələlərdə hərdən o haqsız da olanda mən heç vaxt ona söz qaytarmazdım. O, oxuduğu kitablardan bəyəndiyi parçaları telefonla mənə oxuyardı. Onun oxuduğu bu bayatı heç yadımdan çıxmır:
Gül adamlar,
Xoşsöhbət gül adamlar.
Bülbülün göz yaşları 
Hər səhər gülə damlar».
Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirir. 30-40-cı illər Azərbaycan ziyalılarının həyatından «Məhəbbət qocalmır», «Ağyasəmənlər» povestlərinin müəllifi kimi biryazıçı olaraq etiraf edilir. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərimizdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda o çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən «Ağ yasəmənlər» povestində isə hadisələr müharibədən sonrakı illərə tə-sadüf edir.
Müharibə başlananda əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət Yaqut xanım yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə - nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə - hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar.
Yaqut xanım Dilbazi 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir.
Yaqut Dilbazinin «Məhəbbət qocalmır» povesti 1978-ci ildə,«Ağ yasəmənlər» isə 1984-cü ildə «Yazıçı» nəşriyyatı tərəfindən böyük tirajla nəşr olundular. 1991-ci ildə isə «Yazıçı» nəşriyyatı bu iki povesti Nizami Cəfərovun «Yalnız məhəbbət əbədi qalır» başlıqlı ön sözü ilə bir kitab halında nəşr etdi. «Yaqut xanım bu kitaba daxil olmuş povestlərində də bir müəllim olaraq qalır, hadisələrin təsvirində, dil-ifadə tərzində pedaqoji təmkini incəliklə gözləyir. Və bu təmkini ən sentimental məqamlarda da özünü hiss etdirir.
Yaqut Dilbazinin povestləri bir-birinin ideya-estetik davamıdır - «Məhəbbət qocalmır»ın arxasınca gələn «Ağ yasəmənlər» müəllifin avtobioqrafik xarakterli «gənc müəllimə» obrazını daha da kamilləşdirir və bütövləşdirir, hər iki povest vahid bir mətləbin ifadəsinə xidmət edir», - Nizami Cəfərov ön sözdə yazıçıya və onun əsərlərinə belə səmimi qiymət verir. Mirvarid Dilbazinin bacısı Yaquta həsr etdiyi «Könül dostum» adlı (1978) şeiri də bu özünəməxsus qadının xarakterini və şəxsiyyətini başa düşməkdə çox gözəl bələdçidir:
Könlümə, duyğularıma həyan,
Ürəyimi gözlərimdən oxuyan
Gözəllər gözəli
Bir könül dostum var.
Gəncliyindən qoca biliciyə oxşar
Təbiəti: Həm ciddi, həm şəndir.
Zülmə yağı,
Mütiliyə düşməndir.
Dardan assalar,
Əqidəmdən dönmərəm, - deyən,
Dilim-dilim kəssələr,
Mətanətilə düşməni əyən
Bu fədakar
İnamla, etiqadla yaşar.
Qumral gözlərində zəka işığı parlar.
Ömrünü - ömürlərə qatdı,
Nəsilləh inamlı, etiqadlı yaşatdı.
Zəkalara işıq verdi,
Ürəklərə xalq məhəbbəti.
Müəllim kürsüsündə tapdı
Əbədi səadəti.
Gəncliyindən bu günə qədər
Kitablarla oldu ülfəti.
Oxudu gecələr səhərə qədər...
Çayları qurudub,
Daşları əridən illər,
Dəyişsə də bu gözəli,
Bu incəni,
Ala bilmədi ondakı
Xəyalı, əqli, düşüncəni,
O soyuq ağıllı,
İstiqanlı, həssasdır, mehribandır,
Mənim bacım
Əsl insandır.
Anaları, dünyanın gedişatını yaxşı dərk edən Cavahirxanım atasız və qardaş-sız oian bu iki qızının ailə qurması üçün əvvəlcə ali təhsıi alıb, iş-güc sahibi olmaqla, 25 yaş vədəsini qoymuşdu.
Yaqut xanım dövrün tanınmış ədəbiyyatşünas alimlərindən Mirzağa Quluzadə ilə ailə qurarkən anasının bu şərtlərini yerinə yetirmişdi. Bacısı Mirvarid xanım bu evlilik tarixçəsi barədə yazır:
«Bacım, nəhayət, 26 yaşında, anamın qoyduğu vədədən bir il sonra ər evinə getdi. Bu gənc orta, ali təhsilini bizimlə eyni elm ocağında almışdı. O, bacımı Taqorun mənsur şeirlərilə, «Nə gözəldi, nə təzə idi güllər», Füzulinin qəzəlləri və dünya ədəbiyyatındakı məhəbbət dastanları və məndə saxlanan məktubları ilə özünə bağladı.
Bir dul qadının oğlu, öhdəsində ərdən boşanmış bacısı, bacısının iki uşağı, anası, Bakıda evi, eşiyi, cibdən kasıb tələbə, mənəvi cəhətdən zəngin və bacımın ruhunu bu əsərlərlə özünə bağlayan bu gənc, filoloji elmlər doktoru dərəcəsinə yüksələn Mirzağa Quluzadə idi. Anam, bacımı salyanlı oğluna verməyə razı deyildi. Lakin bacım anamın razılığını almağa müvəffəq oldu. O gənc gözəl tar çalırdı, yaxşı həzin səslə oxuyurdu. Bacıma qarşı həmişə gözəl insani münasibət, ləyaqət hissilə yanaşırdı. Ləyaqətdə onlar bir-birini tamamlayırdılar. Sədaqətdə isə bacım çox üstün idi. Onlann hər ikisi ali məktəbdə ədəbiyyat müəllimi idilər».
Mirzağa Yüzbaşı oğlu Quluzadə (25.10.1907, Salyan ş. -1979, Bakı) tanınmış ədəbiyyatşünas alim olaraq, «Nizami Gəncəvi» (1953), «Füzulinin lirikası» (1965), «Böyük ideallar şairi Nəsimi» (1973) kimi sanballı filoloji əsərlərin müəllifidir. Filologiya elmləri doktoru (1966), professor (1967) idi. 1968-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləmişdir. 30-cu illərdən mürəkkəb ədəbi proseslərin burulğanında olan Mirzağa Quluzadə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə ən nüfuzlu tədqiqatçılardan biri kimi etiraf olunurdu. Nizami, Əvhədi Marağayi, Nəsimi, Həbibi, Füzuli kimi klassiklərimizin həyat və yaradıcılığının ən yaxşı bilicilərindən biri idi. Üçcildlik «Azərbaycan ədəbiyyatı ta-rixi»nin birinci cildinin (1960) redaktorlarından biri idi. Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdu.
Onların yeganə övladı, ölkəmizin tanınmış və hörmətli siyasət adamlarından olan Vəfa Mirzağa oğlu Quluzadə 1940-cı ildə anadan olmuşdur. Bakıda 1958-ci ildə rusdilli orta məktəbi bitirən Vəfa Quluzadə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinin məzunudur. Təhsilini bitirdikdən sonra Moskvada aspiranturada oxumuş-dur. Tarix elmləri namizədi alimlik dərəcəsi vardır.
Vəfa Quluzadə 1969-cu ildən SSRİ XİN-də işləmişdir. Tezliklə onu Qahirədəki sovet səfirliyinə ikinci katib vəzifəsinə göndəriblər, ərəb dilini gözəl bildiyi üçün səfirin sağ əli hesab olunmuşdur. Ərəb-İsrail müharibəsi dövründə diplomatik proseslərin içərisində olmuş, Leonid Brejnev və Ənvər Sadatın yazışmalarını tərcümə etmişdir. Sovet rəhbərlərindən Kosıgin, Podqornı, Qreçkonun Misirə səfərlərində onların tərcüməçisi olmuşdur. 1990-cı ilə qədər sovet diplomatiyasına sədaqətlə xidmət edən Vəfa Quluzadənin mövqeyi Bakıda Yanvarqırğınından sonra dəyişib. Azərbaycan müstəqilliyini elan etdikdən sonra Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevin zamanında uzun illər Prezident Aparatında xarici siyasət məsələləri üzrə dövlət müşaviri işləmişdir. Sonra istefaya çıxan Vəfa Quluzadə müstəqil 
politoloq kimi fəaliyyət göstərərək, bu sahədə ölkədə ən nüfuzlu adamlardan biri kimi qəbul edilir. Vəfa Quluzadənin həyat yoldaşı Leyla xanım Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. İxtisasca pianoçudur, pianodan dərs deyir. Oğlu Tibb institutunu bitirmişdir. Qızı da ixtisasca həkimdir, yazıçı Mirzə ibrahimovun oğlu ilə ailə qurmuşdur. İki övladı var.
Yaqut Dilbazi və ömür-gün yoldaşı Mirzağa Quluzadə Bakıda Dağüstü qəbristanlıqda Yaqut xanımın anası Cavahir xanımın yanında yanaşı dəfn olunmuşlar.
Yaqut xanımın məzar daşına bu şeir parçası həkk olunmuşdur:
Yat Vətən torpağında.                 
Kişi qeyrətli anam. 
Dincəl cənnət bağında, 
Gözəl, ismətli anam.

Abunə olun

Yeniliklərdən xəbərdar olun