1860-1945

CAMAL AĞA HACIRƏHİM AĞA OĞLU DİLBAZİ (GİRYAN)
Camal ağa (1860-1945) Hacırəhim ağa Vəhidinin üçüncü oğludur.
Zəmanəsinin dərin bilikli alimi, sufi şairi və ictimai xadimi olmuş Camal ağa (dini adı - Cəmaləddin) ilk təhsilini o biri qardaşları kimi atası Hacırəhim ağadan - o çağın bu maarifpərvər insanından almış, türk, ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir. Atasının vəfatından sonra evlərində ulu babalarından və atasından qalma zəngin kitabxanadakı əsərləri bir-bir oxuyub öyrənmək onda bir vərdiş halını alır. Elmə, biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa Dilbazov Türkiyədə Mirhəmzə Nigarinin rəhbərlik etdiyi təhsil mərkəzində oxumuş (1889-1993), Qazağa qayıtdıqdan sonra maarifçiliklə məşğul olmağa çalışmışdır. İlk gənclik dövründən qətiyyəti, məqsədyönlü xarakteri ilə seçilirdi. Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda «Giryan» təxəllüsü ilə atası Vəhidinin üslubunda sufiyanə şeirlər yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindən Qazax şəhərinə köçür, ticarətlə məşğul olur, ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlirlə və Xanlıqlardakı əkin sahələrindən, heyvandarlıq təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi. Ədəbi yaradıcılığına gəldikdə, bu illərdə evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı və tariximizi bilənlər, savadlı el şairləri, ziyalılar bu məclisə toplaşır, müzakirələr aparırdılar. Şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən israfil bəy Kərbəlayev, Salahlıdan İbrahim əfəndi Qayıbov və Şəmsi bəy Vəkilov «Şəla», Barxudarlı kəndindən Ağacıq oğlu Nəbi ağa, Daş Salahlıdan el şairi Vəli ağaAlaybəyov, MirzəSəməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Şıxlıdan Şərif bəy Şikəstə bu ədəbi məclisin daimi üzvləri idilər. Hətta bir dəfə pristav Şəfi bəyi Rüstəmbəyovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqədə Camal ağanın həcvi qalib elan olunur. Bu maarifpərvər və şair təbiətli şəxs 1912-ci ildə Qazax şəhərində İsrafil bəy Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır, buraya Bakıdan, Tiflisdən, Mərkəzi Rusiyadan, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Qazağın bir çox ziyalılarının gəlib-getdikləri bu qiraətxanada hətta «Pravda» qəzeti də oxunurdu. Maraqlı idi ki, bu qəzetə Daş Salahlı kənd sakini, iri mülkədar Kazım ağa Paşayev abunə yazılmışdı. 1918-ci ildə Qazax Müəllimlər Seminariyasının açılışı ilə bu tədris ocağının müəllimləri və tələbələri də buraya ayaq açmışdılar. Hər gün qiraətxanada olan seminaristlərdən biri də Səməd Vəkilov idi... Tarixçi Teymur ağa Miralayevin yazdığına görə, «Camal ağa demokratik və açıqfikirli mülkədar olmuşdur. Ona görə də, Səməd ağa Ağamalıoğlu, «Molla», «Qarasaqqal» təxəllüslü Muxtar Hacıyev, Məmməd Kosayev, Məşədi Abbas Poladov kimi siyasət adamları bu qiraətxanaya gəlir, onunla açıq və gizli söhbətlər edirdilər». Camal ağa Dilbazovun açdığı bu maarif ocağı 1920-ci ilə qədər fəaliyyət göstərir. Arxiv sənədlərində Camal ağa Dilbazov 1917-19-cu illərdə Qazax şəhər idarəsinin başçısı idi («qorodskaya starosta»). Camal ağa Dilbazov 28 sentyabr 1919-cu ildə Qazaxda keçirilmiş qəza kəndlilərinin 1-ci qurultayında - aqrar məsələsinin  bütün kəskinliyi ilə qarşıda durduğu həmin günlərdə parlamentə teleqram vuraraq torpaq haqqında qanun qəbul edilməklə, bu problemin öz qanuni həllini tapmasını təklif edən Qazax bəylərindən biri idi.Onlar sosialistlərin (menşeviklərin) parlament fraksiyasının sədri, əslən qazaxlı Səməd ağa Ağamalov üçün qurultaydan sonra banket vermişdilər, - deyə menşeviklərin «İskra» qəzeti  özünün 8 oktyabr 1919-cu il sayında bu teleqramın mətnini və ona imza atanların adlarını göstərməklə yazırdı. Bu illərdə siyasi görüşləri etibarilə Camal ağa rus çarizminin müstəmləkəçilik siyasətinin, velikorus şovinizminin əleyhdarı idi, nadel torpaqlarının, meşələrin, dövlət torpaqlarının kəndlilər arasında bölünməsi fikrini müdafiə edirdi. Teymur Miralayev onun 1918-ci ildə Qazax  qəzasında yaradılmış «Müdafieyi-məzluman»  solçu  partiyasına  rəğbət bəslədiyini, sonra, Firidun bəy Köçərlinin sədrliyi ilə Qazaxda Müsavat Firqəsinin yerli təşkilatı yaradıldıqda, bir çox milli düşüncəli ziyalılar kimi, bu partiyaya üzv olmaqla istiqlal hərəkatına qoşulduğunu yazır. Əslində isə Camal ağa öz dini görüşləri etibarilə ittihadçı idi. Qafqaz İslam Ordusunun komandanı əfsanəvi Nuru paşa 1918-ci ildə Qazağa gələndə onu qarşılayanlar arasında Camal ağada vardı və bir şəhər başçısı olaraq bu münasibətlə atəşin nitq irad etmiş və paşanın şərəfinə ziyafətlər vermişdi. Sovetləşmə ilində əmlakının xeyli qismi müsadirə olunsa da, Qazaxda yaşayır, ədəbi və elmi yaradıcılığını davam etdirirdi. Yeni iqtisadi siyasət dövründə yenidən ticarətlə məşğul olmağa başlamış, 1920-ci ildəki müsadirədən sonra yenidən özünü düzəltmişdi. Tarixi faktlar əsasında çap üçün 3 cilddən ibarət kitab yazıb hazırlayır, bu cildlərə özünün 1880-ci illərdən, yəni gənc yaşlarından yazmağa başladığı əsərlərini daxil edir. Məlumatlara görə, bu cildlərdə müəllif 1801-ci ildən sonrakı dövrdə Qazax mahalında və ətrafında cərəyan etmiş tarixi hadisələri öz prizmasından qələmə almış, bütün dərinliyi ilə bələd olduğu sufizm və müridizm kimi dini-fəlsəfi cərəyanları bəlkə də ilk dəfə təhlil etmişdi və bu qiymətli əsərlərin çapı barədə düşünürdü. Lakin tale öz hökmünü başqa cür verir. Gələcəyə böyük ümidlərlə baxan, həyatını dinc ticarətlə təmin edən bu alim və şair 1931-ci ildə «təmizləmə» kampaniyası başlananda «xalq düşməni, bəy, qolçomaq» siyahısına salınır. Fevralın 12-də Musaköydə Dilbazi ağaları demək olar ucdantutma həbs ediləndən hardasa 12 gün sonra - fevralın 24-də Camal ağa da AzDSİ (AzQPU) orqanları tərəfindən Qazax şəhərində on nəfərlik yerli qrupla birlikdə həbs edilir. Qazax qəza icraiyyə Komitəsi tərəfindən verilmiş arayışda göstərilir ki, «Camal ağa Dilbazov keçmiş bəy, mülkədar, səs hüququndan məhrum edilmiş, 7 otaqdan ibarət ikimərtəbəli mülkün sahibidir». Onun istintaqı o vaxtın praktikası əsasında aparılmışdır. İşdəki (PS-12403) sənədlərdən görünür ki, Camal ağa hələ 1930-cu ilin oktyabrından AzDSİ orqanlarının diqqətində imiş, məsələn, oktyabnn 13-də alınmış bir «şahid ifadəsində» göstərilirdi: «...özünün böyük evi var, tənbəki ticarəti ilə məşğuldur, antisovet şəxsiyyətdir, həmişə öz əhatəsindəki adamlar arasında antisovet təbliğat aparır, hər zaman sovet hakimiyyətinin tədbirlərini tənqid edir, öz adamları arasında açıqca bəyan edir ki, bu bolşevik zülmündən görəsən nə zaman xilas olacağıq? Səsi alınmışdır, özü danışıb ki, bu yay Boskənd (Dilican yaxınlığında erməni kəndi, azərbaycanlılar adına «Bozukənd» deyirdilər - İ.U.) banditləri ilə görüşüb və öz şinelini banditlərə vermişdir. Xüsusi olaraq banditlərlə görüşəmi gedib, yoxsa onlarla təsadüfənmi görüşüb - bunu mən bilmirəm». Camal ağa tutulan gün alınmış başqa bir «şahid» ifadəsində deyilirdi: «Camal ağa Dilbazov keçmiş mülkədardır, səs hüququndan məhrum edilib, bandit qohumları vardı və onlara hər baxımdan kömək edir və bütün ehtiyaclarını ödəyirdi. Kolxoz quruculuğu əleyhinə antisovet təbliğat aparır». Üçüncü bir «şahid» ifadəsində də təxminən eyni sözlər deyilirdi: «...keçmişdə mülkədar olub, banditlərlə və öz Dilbazov qohumları ilə əlaqə saxlayırdı, mövcud quruluşun qatı əleyhdarıdır, kolxoz quruluşu əleyhinə açıq təbliğat aparır». Sayca dördüncü şahid ifadəsi də eyni məzmunlu idi. (Şahidlərin adları o illərin əksər işlərində şahid qismində keçir və hamısı da bir qayda olaraq yerli partiyaçılar və DSİ orqanlarının xəbərçiləri idilər). Bu «istintaqın» yekununda martın 12-də Camal ağa Dilbazov barəsində «antisovet təbliğat və banda ilə əlaqə saxlamaq» ittihamı irəli sürülmüşdür. «...keçmiş mülkədar Camal ağa Dilbazov öz söylədiyinə görə, 1930-cu ilin yayında Ermənistanın Boskənd banditləri ilə görüşüb və öz şinelini onlara verib. Habelə öz qohumları - Dilbazov banditləri ilə və digərləri ilə (güllələniblər) də əlaqə saxlamış, onlara hər baxımdan kömək göstərmişdir. Hazırda ticarətlə məşğul olur, sovet hakimiyyətinin bütün tədbirlərini, xüsusən də kolxoz quruculuğunu tənqid etməklə, antisovet təbliğat aparır.  Açıqca bəyan edir ki, bolşevik zülmündən görəsən nə zaman canımız qurtaracaq?». Camal ağa bu ittihamı rədd edir: «Mənim heç vaxt və heç yerdə banditlərlə əlaqəm olmayıb, qaçaq Dilbazov qohumum idi, lakin onunla da mənim heç bir əlaqəm olmayıb, belə ki, o mənim 16 baş iri heyvanımı aparmışdı və bu səbəbdən aramızda inciklik vardı. Antisovet təbliğata gəldikdə, mən heç vaxt bu işlə məşğul olmamışam». İttiham protokolunda qeyd olunur ki, «müttəhim təqsirini boynuna almır». Onun işinə məhkəmədən kənar qaydada - Azərbaycan SSR Gəncə Dairəsi ərazisində Fövqəladə Üçlüyün (troykanın) 25 mart 1931-ci il tarixli iclasında baxılaraq belə bir qərar çıxarılmışdır: «Camal ağa Dilbazov - 60 yaşında, türk, Azərbaycan vətəndaşı, Qazax şəhər sakini, keçmiş mülkədar, səs hüququndan məhrum edilib, Azərbaycan SSR CM 72-ci maddəsinin 2-ci hissəsi və 18/79-cu maddəsi ilə ittiham olunur, ailəsi ilə birlikdə BEŞ İL müddətinə Qazaxıstana sürgün edilsin». Onun evində axtarış aparılarkən çapa hazırladığı üç kitabından ikisi ələ keçir və çekistlər onu müəllifin gözü qarşısında buxarıda yanan ocağa atırlar. Xoşbəxtlikdən üçüncü kitab və vaxtilə onun evində qonaq qalmış istanbullu Xülusi əfəndinin kitabı xəstə yatan azyaşlı Sənəmin döşəyinin altında olduğundan salamat qalır. Yandırılan kitabların ikinci nüsxələri yox idi...
Camal ağa ailəliklə sürgünə müəyyən səbəblər üzündən bir il sonra - 1932-ci ilin əvvəllərində göndərilir, hər halda həmin salamat qalan «Divani-Fəsahət» kitabının sonunda onun 1932-ci ildə bitirilmiş olduğu qeyd olunur. Ailə söhbətlərinə əsasən, Camal ağa salamat qalan həmin kitabları məscidə qoyulması üçün Abihəyat adlı bir qonşu qıza verir. Görünür, elə güman edirmiş ki, kitablar hər halda məsciddə daha yaxşı zamanların gələcəyi ümidi ilə salamat qalarlar. Lakin bu ağıllı qız kitabları məscidə qoymayaraq özündə saxlayır (çünki az sonra məscidlərə də «əl gəzdirildi» və onlardakı kitablar oda qalandılar). Camal ağanın Qazaxdakı evi və əmlakı yenidən müsadirə edilir, 1932-ci ilin fevralında arvadı Zeynəb xanım və 4 yaşlı şikəst qızı Sənəmlə birlikdə Qazaxıstana sürgün edilir. Oğlu Cəlal ağa da sürgün edilir. Bu sürgün illəri çox üzüntülü, məşəqqətli keçmişdir. 15-20 ailə bir barakda sıxlaşıb yaşamağa məhkum idi. Bu ağır sürgün dövründə xəstə qızcığaz Sənəm tələf olur (8 yaşında idi) və onu sürgündəkilər səhrada böyük bir kədər və hüznlə torpağa tapşırırlar. Bu maraqlı və kədərli bir tale yaşamış insanın ilk tədqiqatçısı olmuş Teymur ağa Miralayevin yazdığı kimi, Camal ağa 1936-cı ilin sonlarında böyük bir hünər göstərir: ölümünü gözünün altına alaraq arvadı Zeynəb xanımı da götürüb, sürgün yerindən Bakıya qaçmağa müvəffəq olur. Ola bilsin, onu sürgün müddətinin başa çatmasına baxmayaraq Vətənə buraxmaq istəmir, sürgün yerində məskunlaşmasında təkid edirlərmiş.
Bakıda Bülbülə kəndində - burada müəllim işləyən oğlu Xülusinin evində bir neçə ay gizlin yaşasa da, əlində nə pasportu, nə sürgündən evə buraxılış kağızı var idi, odur ki, gec-tez bu işə bir aydınlıq gətihlməli idi. Onu gizlədən qohum-əqrabalarının da bu sarıdan həyatları təhlükədə idi, onları da sürgündən qaçanı gizlətdiklərinə görə hər an həbs edə bilərdilər. Digər tərəfdən 1937-ci ilin martından başlayaraq, sürgündən qayıtmış olanları yenidən «yığmağa» başlamışdılarvə bu dəfə ailəyə toxunmadan təkcə ailə başçıları götürülür və onlardan bir daha soraq gəlmirdi. Bu yerdə onun 1920-ci ildən tanıdığı və dostlaşdığı Səməd Vurğunun məsləhəti köməyə gəlir və hər şey yoluna qoyulur: Camal ağa onun məsləhəti ilə o vaxt Ali Sovetin sədri olrmuş Mirbəşir Qasımovun yanına gedir, Vətəndə ölmək üçün qayıtdığını deyir: «Mən ölmək üçün qayıtmışam. Xahiş edirəm məni burada boğazlayıb öldürün, qoyun qanım Vətən torpağına tökülsün, amma bir də qürbətə göndərməyin» deyir. Rəhmətlik Teymur ağa Miralayev mənə danışırdı ki, yaşı səksəni haqlamış bu qocanın düşdüyü vəziyyətdən mütəəssir olan Mirbəşir Qasımov ona «Get, Bülbülədə yaşa» demişdir.
Mirvarid xanım yazır ki, «bu faciəli sürgün həyatı onun bütün arzularını alt-üst etmişdi». Lakin ədəbi mühitə uyğunlaşmağa can atırdı, Teymur ağa Miralayev danışırdı ki, bir yerdə Səməd Vurğunun «Vaqif» pyesinin müzakirəsinə getmişdik. 1942-ci ildə oğlu Xülusi müharibəyə yollanır. Şəhərdə yaşayış çətinləşmişdi, bir yandan da nə zamandan bəri ayrı düşdüyü doğma yerlər onu özünə çəkirdi. Qocaldığını, dünyadan köçmək vaxtının yaxınlaşdığını görünür hiss edirmiş. Odur ki, 1942-ci ildə ailəliklə Bakıdan Gəncəyə gəldilər. Hacı Dilbazi öz bir otaqlı mənzilini onlara verib, özünə tələbə yataqxanasında yer düzəltdi. Sonra Camal ağa arvadı Zeynəb xanımı da götürüb, Qazağa gəlir.
Əlindən alınmış evində indi rayon daxili işlər şöbəsinin rəisi yaşayırdı. Bu adam həmin evin balaca bir küncünü belə onun əzəli sahibinə verməkdən imtina edir. Bu evsiz-eşiksiz qoca bir vaxt böyüklük-ağsaqqallıq etdiyi doğma şəhərində bir daxma tapıb burada kirayənişin yaşamağa məcbur qalır. 1945-ci ilin payızında Qazax şəhərində dünyasını dəyişir. Şəhərdə olan beş-üç qohum-əqrabası kişini vəsiyyətinə əsasən, aparıb Köhnə Xanlıqlar kəndindəki qəbristanlıqda atası Hacırəhim ağa Vəhidinin məzarmın yanında Xülusi əfəndi İstanbulinin məzarı ilə yanaşı özü üçün müəyyən etmiş olduğu hissədə torpağa tapşırırlar. Nəvəsi İlham Dilbazinin xatırladığına görə, Camal ağanın dəfnini onun böyük qardaşı Sufi İbrahim ağanın o vaxt Qazaxda yaşayan oğlu Hacı (rəhim) ağa Dilbazov təşkil etmiş, müharibədən dolayı aclıq və qıtlıq şəraitində yaşasalar da, Hacı(rəhim) ağa Dilbazov əmisinin ehsanına bir qoç alıb kəsmişdir. Qazaxdan araba ilə Xanlıqlara çatdırılan cənazəni çayın o üzündəki ata-baba qəbristanlığına arvadların köməyi ilə çiyinlərində çaydan keçirib aparmışdılar (kəndin kişiləri müharibədə idilər, kənddə qalanlar isə ehtiyat edib yaxın gəlməmişdilər).

Abunə olun

Yeniliklərdən xəbərdar olun