1917-2006

ƏZİZƏ PAŞA BƏY QIZI ŞƏRİFOVA DİLBAZİ
Orta təhsilini Bakıda almış, eyni zamanda bacısı Əminə ilə birlikdə musiqi məktəbinin fortepiano bölməsində oxumuşdu. İdmanın gimnastika növü ilə məşğul olurdu. Orta təhsilini başa vurduqdan sonra texnikum təhsili görsə də, ali təhsil almaq istəyi ilə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası və Politexnik İnstitutu onun bazasında yaradılmışdı) arxitektura şöbəsinə daxil olmuş, bu ali məktəbi memar ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə 1944-cü ilin əvvəlindən «Azərbaycan dövlət memarlıq layihə» trestində sıravi işçi kimi başlamış, noyabrın 10-da ona 6-cı dərəcə memar mənsəbi verilmişdir. 1950-ci ildən böyük memar dərəcəsi alır, 1952-ci ildə qrup rəhbəri təyin olunur. 1964-cü ildə isə layihənin baş memarı vəzifəsinə təyin edilir. 1969-cu ildən 1-ci kateqoriyalı memar idi. Peşə fəaliyyəti Azərbaycan Dövlət Memarlıq Layihə institutu ilə bağlı olan Əzizə Şərifova özünü ilk gündən bacarıqlı, orijinal düşüncəli memar kimi tanıtmış, bu illər ərzində Bakıda, Azərbaycanın bölgələrində onlarca binanın layihəsini işləyən qruplara başçılıq etmişdir.
Əzizə Şərifova əmək fəaliyyətinin ilk günlərindən özünü fəal ictimaiyyətçi kimi göstərmişdi, bir neçə çağırış rayon sovetinin deputatı olmuşdu. Eləcə də, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü idi və o illər bu nüfuzlu təşkilatın birsıra beynəlxalq tədbirlərində, o cümlədən 1950-ci ildə Moskvada sülh tərəfdarlarının ümumdünya konqresində iştirak etmişdi. Səməd Vurğun, Mirzə İbrahimov, Fatma xanım Vəkilova və qeyri tanınmış şəxslərlə bir yerdə çəkilmiş kollektiv fotoşəkil həmin günlərin yadigarıdır.
Əzizə xanım 1977-ci il fevralın 16-dan təqaüdə çıxmış, Bakıda oğlu Fuadın yanında yaşamış və burada dünyadan köçmüşdür.  Əzizə xanım əslən qazaxlı Şərifov isgəndər Yusif oğlu (30 may 1914-cü il -1944) ilə ailə qurmuşdur. Şərifovlar Qazağın ağa/bəy nəsillərindən biridir, onlara məxsus torpaq sahələri daha çox Aşağı Əskipara ətrafında olduğundan bu kənddə məskunlaşmışdılar. Bu torpaqlar nəsillikcə istifadə üçün poruçik Mirzə Osman ağa Şərif oğluna verilmişdi (Aşağı Əskiparanın 14 nadeldən ibarət torpağının 1 payı). Sonralaronun törəmələri Xanlıqlara qonşu Ürkməzli kəndindən də satın torpaq sahəsi almışdılar. Mirzə Şərif ağanın üç oğlundan biri - Mirzə Osman ağanın oğlu Məhəd bəy Şərifov hərbi topoqrafiya məktəbini bitirmiş və rus ordusunda podpolkovnik rütbəsinə qədər yüksəlmişdi. Məhəd bəy rus milliyyətindən Yelena Fyodorovna ilə nikaha girdiyinə görə, çarın sərt qanunlarına əsasən pravoslavlığa keçməklə (bəlkə də formal olaraq) Mixail Nikolayeviç Şərifov olmuşdu. Ailəlikcə əsasən Tiflisdə yaşamışlar. Podpolkovnik Məhəd bəy Şərifov 1915-ci il mayın 20-də vəfat etmişdir. Məzarı Aşağı Əskiparadadır. Məzarı üstündə çar zamanından abidə qoyulmuşdu.
Podpolkovnik Məhəd bəy Şərifovun övladları: Daniyal bəy Şərifov (pravoslav adı - Danil Mixayloviç Şərifov) (1891-1923), ştabs-kapitan; Sona xanım Şərifova (pravoslavadı - Sofiya Mixaylovna Şərifova); David bəy Şərifov (pravoslav adı - David Mixayloviç Şərifov), saray müşaviri; Yusif bəy Şərifov (İosif Mixayloviç Şərifov) və ailənin kiçiyi - Məryəm xanım Məhəd bəy qızı Şərifova (Mariam Mixaylovna Şərifova). Məhəd bəyin 1890-cı ildə Ürkməzli kəndində aldığı «Hacı bəy bağı» adlı torpaq nadeli onun oğlu Yusif bəy Şərifovun adına idi. Yaxşı təhsil görmüş Yusif bəy Şərifov sovetləşmədən sonra Gəncəyə köçmüşdü, evi burada Sərdar bağının üst səmtində idi. Bütün ömrü boyu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda rus dilini tədris etmişdir. 80 illik yubileyi müəllim kollektivi tərəfindən hörmətlə qeyd olunmuş və 60-cı illərdə Gəncədə 84 yaşında dünyadan köçmüşdür. Yusif bəy Şərifov əslən Qazax mahalının Salahlı kəndindən Dilrüba xanım Məmmədkərim bəy qızı Qayıbova ilə ailə qurmuşdur. Dilrüba xanım azərbaycanlılar arasında ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun bacısıdır. Yusif bəy və Dilrüba xanımın övladları: İsgəndər (Aleksandr), Məhəd və Ədilə xanımdır. Məhəd Şərifovun Evelina adlı birqızı qalmışdır. Ədilə xanım isə Dağ Kəsəmən kəndindən Cavad Muradova ərə getmişdir. Övladları qalır. İsgəndər Şərifov Azərbaycan Kənd Təsərrüfatı institutunun mexanika fakültəsini bitirmiş, sonra Bakıda işləmişdir. Boy-buxunlu, alicənab, cazibədar bir gənc imiş. İdmanın yüngül atletika növü ilə məşğul olur, birgimnast olaraq xeyli nailiyyətləri vardı. Əzizə xanımla 1935-ci ildən nişanlanmış və sonra Bakıda evlənmişlər. Qohumların söylədiklərinə görə, bir-birlərinə çox yaraşırlarmış. Müharibə başlananda İsgəndər Şərifov cəbhəyə yollanmış, ağıryaralı halda qayıtmış və bir il yaşadıqdan sonra Bakıda vəfat etmişdir. Məzarı Dağüstü qəbristanlıqda Vəli ağa Dilbazinin yanındadır. Əzizə xanım da onun yanında dəfn edildi. Əzizə xanım və İsgəndərin bir oğlu qalmışdır: Fuad. Fuad İsgəndər oğlu Şərifov 1940-cı il iyulun 24-də Bakıda anadan olmuşdur. Atasının vəfatından sonra bir müddət Gəncədə - tək qalmış nənə-babasının yanında böyümüşdür. Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatika və telemexanika fakültəsinin məzunudur (1963). Texnika elrnləri namizədidir (1984). Neft-Kimya Sənayesi Nazirliyi hesablama mərkəzinin rəisi, Dəmiryol İdarəsi hesablama mərkəzinin rəisi, Avtomobil Nəqliyyatı Nazirliyi hesablama mərkəzinin baş mühəndisi vəzifələrində işləmişdir. Hazırda Bakı Metropoliteni «Depo-Nərimanov» xidmətində baş mühəndisin müavini vəzifəsində çalışır. Həyat yoldaşı Nüşabə Cəlil qızı Şərifovadır. İki qızı var: Nərgiz və Ləmiyə, hər ikisi ərlidir, övladları var.

 

Abunə olun

Yeniliklərdən xəbərdar olun