1926-2003

ƏSƏD KAMIL AGA OĞLU DILBAZİ 
İqtisad elmləri doktoru, Professor
Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan elminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemlərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.
♦   AĞAYANA ZİYALI
Professor  Əsəd Dilbazov barədə bu təyin MEA-nın həqiqi üzvü Asəf Nadirov və iqtisad elmləri doktoru, professor Tofiq Quliyevə məxsusdur. Uzun illər onunla birgə işləmiş bu iki böyük alimin sözlərincə, Əsəd Dilbazovun öz işinə həssaslıqla, vicdanla yanaşması ona həmişə başucalığı gətirirdi, vicdanlı və məsuliyyətli həyat tərzinə malik, cılız məhdudiyyətləri sevməyən, ziyalıya əskiklik gətirən fikirlər söyləməkdən çəkinən gözəl bir insan, özünəməxsus şəxsiyyət idi. Bir elm adamı olaraq «yüksək şəxsi keyfiyyətləri ilə fərqlənən inteqrativ bilik, mədəniyyət və zəka təcəssümü, həqiqi ziyalı peşəkarlığının nümunəsi, nəinki digərlərini, eyni zamanda özünü dərk etməyi bacaran bir alim» kimi dəyərləndirilir. Tək bu iki alim deyil, onu tanıyanların hamısı Əsəd Dilbazovu məhz belə xatırlayırlar.
...Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik bir ziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvann 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksəkəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən -1931 -ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hərşeyi yaxşı dərk edirdi. Atasürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi. Aiiənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhərxanımla qayıtmışdılar. Xanlıqlarda deyil, Qazax şəhərində birtəhər məskunlaşdılar. Əsəd və Ağalar orta təhsillərini Qazax şəhər orta məktəbində aldılar. Öz əli ilə yazmış olduğu bioqrafiyasından öyrənirik ki, 1943-cü ildə Qazax şəhər orta məktəbini əla qiymətlərlə başa vuran Əsəd Dilbazov elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. İnstitutda təhsil aldığı dövrdə əla qiymətlərlə oxuyur, institutun ictimai işlərində fəal iştirak etməyə çalışır və həmişə öz ictimai mənşəyini «kəndli» olaraq göstərir. Repressiya olunmuş bəy oğlu olmasına rəğmən, komsomol sıralarına qəbul oluna bilməsi, əlbəttə, onun uğuru sayılmalı idi və sonrakı karyera yüksəlişində bu amilin böyük rolu olduğunu qeyd etməmək olmaz. Tələbəlik illərində hətta fakültə Komsomol Komitəsinin katibi seçilməsini gəncin həmin mürəkkəb illərdəki fərasətli davranışı ilə yanaşı, həm də şəxsi keyfiyyətləri ilə də izah etmək olar...
♦ ELM YOLUNDA
Beləliklə, Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini «orta məktəb tarix müəllimi» ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında «kəndli ailəsində» doğulduğunu göstərmişdir.  Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsini, hazırlığını və əlbəttə, partiyalılığını nəzərə alaraq aspiranturada saxlamışdılar. Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən - 56 illik elmi həyatının başlanğıc nöqtəsi sayıla bilər. Onun APİ-nin SSRİ tarixi katedrasında «aspirantura dövrü» 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1-dək göstərilir. 1950-53-cü illərdə bu katedranın assistenti, 1953-60-cı illərdə isə baş müəllimi olmuşdu. Əsəd Dilbazov namizədlik dissertasiyasını 1959-cu ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində müdafiə etmişdi, Ümumittifaq Attestasiya Komissiyasından (VAK) elmlər namizədi diplomunda 20 iyul 1960-cı il tarixi qeyd olunur. indi xatırlandığı kimi, bu namizədlik işi ölkənin aparıcı elm ocaqlarından olan ADU-nun elmi çevrələrində yaxşı qarşılanmışdı. Bu baxımdan onun 1960-cı il sentyabrın 1-dən artıq respublikanın ən prestijli ali məktəbi sayılan Azərbaycan Dövlət Universitetinə keçməsi təsadüfi sayıla bilməzdi. Burada 1966-cı il sentyabrın 1-dək ADU Azərbaycan tarixi kafedrasının dosenti işlədi. 1966-cı ildə ADU iqtisad fakültəsinin bazasında Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradılanda, bu yeni yaradılan ali məktəb üçün universitetin professor-müəllim heyəti sırasından yaradılan kontingentlə bir sırada o da 1966-cı il sentyabrın 1-dən bu yeni İnstituta keçərək, burada 1975-ci il sentyabrın 25-dək iqtisad tarixi kafedrasının dosenti vəzifəsini tutur. Bu ildən etibarən AXTİ-nin əyani, axşam və qiyabi şöbələrində tələbələrə Azərbaycan tarixi, Azərbaycanın və xarici dövlətlərin iqtisad tarixləri mövzusunda mühazirələr oxumuş və seminarlar aparmışdı. Bu yeni ali məktəbdə pedaqoji fəaliyyəti ilə paralel olaraq Azərbaycanın iqtisadi tarixinin aktual, perspektivli problemləri üzrə elmi-tədqiqat işlərini də uğurla davam etdirirdi. Əsəd Dilbazov elmi araşdırmalarını uğurla başa çatdıra bilməsi üçün 1971-ci ildə 2 il müddətinə baş elmi işçi vəzifəsinə keçirilmiş və 1974-cü ildə «Azərbaycan SSR-də sosialist sənayesinin formalaşması problemləri» üzrə eimi işini müvəffəqiyyətlə yekunlaşdırmışdı. Əsər bir müttəfiq respublika olaraq Azərbaycanda iqtisadi quruculuğun 1920-28-ci illər dövrünü əhatə edirdi. Həmin il doktorluq dissertasiyası müdafiə etməklə, respublikada iqtisadi tarix elmi üzrə ilk doktorluq dissertasiyasını müdafiə edənlərdən, bu elmin əsasını qoyanlardan biri oldu. 1977-ci il yanvarın 21-də ona iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1979-cu il fevralın 23-də isə AXTİ tarix kafedrasının professoru vəzifəsi verilir. Sonrakı beş il, yəni 1975-ci ildən 1980-ci il noyabrın 28-dək AXTİ «Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması» fakültəsinin dekanı vəzifəsini tutdu. 1980-ci ilin oktyabrından 1984-cü ilin oktyabrınadək isə AXTİ siyasi iqtisad kafedrasının professoru (iqtisad tarixini tədris etməklə) idi. 1984-cü ilin dekabrından 1987-ci ilin noyabrınadəkAXTİ iqtisadtarixi kafedrasının müdiri vəzifəsindəçalışdı. Bu arada, yəni 1984-cü ildə Tbilisi Dövlət Universiteti iqtisad tarixi və iqtisadi təlimlərtarixi kafedrasında staj keçmişdi. Onun elmi bioqrafiyasında belə bir qeyd də var ki, 1987-ci ilin noyabr-dekabr aylarında –hardasa bir aylıq müddətdə AXTİ Sov.İKPtarixi kafedrasının professoru (iqtisad tarixini tədris etməklə) vəzifəsinə dəyişdirilmişdi. Qeyd edək ki, sovet dönəmində bu kafedralar ali məktəblərdə ciddi mövqeyə sahib idi. Professor Əsəd Dilbazov 1988-ci ilin yanvarından müddətli müqavilə ilə Voznesenski adına Leninqrad Maliyyə-İqtisad institutu Bakı filialının Sov.İKP tarixi kafedrasının prosessoru vəzifəsinə təyin edilmişdi. Bu vəzifəyə təyinat almaq üçün institut şurası tərəfindən müsabiqə qaydasında seçki keçirilmişdi.
♦ ELMİ MÜHİTDƏ ETİRAF OLUNURDU
Təbii ki, sovet dövründə iqtisadiyyat inzibati-amirlik sisteminə söykənirdi və iqtisadçı alimlər onlar üçün cızılmış bu yoldan kənara çıxa, «özfəaliyyətlə» məşğul ola bilməzdilər. Professor Əsəd Dilbazov da öz mühitinin yetirməsi idi və elmi araşdırmalarını bu çərçivədə aparırdı. Amma öz hazırlığı, intellekti, mənsub olduğu elm sahəsini dərindən bilməsi ilə fərqlənir, seçilir, etiraf olunurdu.
Ümumiyyətlə, professor Əsəd Dilbazovun iqtisad elmi sahəsində elmi marağı və yaradıcılıq fəaliyyəti geniş əhatəli olmaqla - ən sanballı problemləri əhatə edir. Onun elmi fəaliyyəti barədə fikir belədir ki, əsərlərində istər nəzəri, istərsə də tətbiqi baxımdan bilavasitə ölkənin inkişafının sosial-iqtisadi problemləri aparıcı yertutur və bunlara yanaşma öz orijinallığı ilə fərqlənir. Professor Əsəd Dilbazov respublikanın, eləcə də keçmiş ittifaqın nəşriyyatlarında çap olunmuş xeyli sayda monoqrafiya, dərslik, elmi səciyyəli jurnal məqalələrinin elmi redaktoru və müəllifi olmuşdur. Məsələn, göstərilir ki, professor Əsəd Dilbazov 5 monoqrafiya, 50-dən çox elmi məqalənin müəllifidir. Bu dəyərli əsərlərilə sovet dönəmində və sonra onun iqtisad elminin zənginləşdirilməsində az rol oynamadığı şəksiz qəbul edilir. Zamamnda onun ciddi qarşılanmış əsərləri sırasında «Sənayenin milliləşdirilməsinin Sovet metodu» (1970), «Azərbaycan SSR-də sosialist sənayesinin formalaşması problemləri» (1976), «SSRİ və xarici ölkələrin iqtisadi tarixi» (1978), «Azərbaycanda kapitalist sənayesinin inkişaf mərhələləri» (2000) və s. kitabları, çoxlu elmi məqalələri onun elmi-tədqiqat dairəsinin genişliyindən xəbər verir.
Asəf Nadirov və Tofiq Quliyevin də qeyd etdikləri kimi, professor Əsəd Dilbazovun elmi əsərlərində iqtisadi nəzəriyyə və iqtisadi tarix problemlərinin qovuşuğu, həmin problemlərin sistemli təhlilinin aparıldığı hiss olunur.. Professor Əsəd Dilbazov bir çox beynəlxalq simpoziumlarda, keçmiş SSRİ-nin Ümumittifaq elmi konfranslarında iqtisadi-nəzəri və praktik problemlər üzrə məruzələr və çıxışlar etmişdir. O, 1970-ci ildə Leninqradda iqtisadi tarix problemləri üzrə keçirilən beynəlxalq konqresdə «Sənayenin miliiləşdirilməsinin Sovet metodu» adlı məruzə ilə çıxış etmişdi. Sonradan həmin məruzə kitab şəklində çap olunmuşdu. Bundan başqa, ümumittifaq və respublika elmi konfranslarında, elmi seminarlarda iqtisadi məşələlərə dair dəfələrlə nəzəri-metodoloji aspektli məruzələrlə çıxış etmişdir.
Xatırlandığı kimi, professor Əsəd Dilbazov öz məruzə və çıxışlarında bir sıra sovet alimlərinin şablon, standaıt halda feodal təsərrüfat ukladlarının, münasibətlərinin meydana gəlməsini yalnız Kiyev Rusunun, qədim Rusiya dövlətinin yaranması ilə əlaqələndikləhni, bu prosesi IX yüzillə bağladıqlarını tənqid etmiş və hələ lll-IV yüzillər Azərbaycanda bu sayaq feodal münasibətlərinin meydana gəldiyini sübut etmiş, elmi cəhətdən əsaslandırmışdı. Obyektivlik xatirinə onu da qeyd etmək lazımdır ki, o zamanlar iqtisadi tarix üzrə ən görkəmli alimlər hesab olunan V.S.Çuntulov, A.A.Uspenski, V.Q.Sarıçev və başqaları professor Əsəd Dilbazovun bu və digər qiymətli fikirləri ilə hesablaşmağa məcbur olmuşdular. Professor Əsəd Dilbazovun sovet dönəmində nəşr edilmiş kitabları sırasında bunları ayrıca qeyd etmək olar:
Bakı fəhlələrinin Azərbaycan kəndlərinə köməyi. Bakı, Azərnəşr, 1959.
Azərbaycan SSR-də xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair (1921-25-ci illər). Bakı, APİ nəşriyyatı, 1961.
Azərbaycan SSR-də sosialist sənayesinin yaranması və inkişafı. Bakı, Azərnəşr, 1974.
Azərbaycanda sosialist sənayesinin formalaşması, Moskva, 1976 (rusca, 9 çap vərəqi).
Azərbaycanda sənayenin sosialistcəsinə yenidən qurulmasının başlanması. Azərbaycanın iqtisad tarixinin aktual problemləri. Bakı, «Elm» nəşriyyatı, 1978.
İqtisad tarixi, 1990 (20 çap vərəqi).
Bunlardan başqa, 1978-ci iidə Moskvanın «Vısşaya şkola» nəşriyyatında çapdan çıxmış 20 çap vərəqi həcmində «SSRİ və xarici ölkələrin iqtisad tarixi» dərsliyinin (rusca) hazırlanmasında iştirak etmişdi.
♦ YENİ ÇAĞIN YENİ TƏLƏBLƏRİ
1988-ci ildə ölkədə ictimai-siyasi vəziyyət məcrasından çıxdı və ali məktəblər, onların tələbə və professor-müəllim kontingentləri siyasi dalğanın aparıcı ünsürlərindən birinə çevrildilər. Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsini alqışlayanlardan biri də professor Əsəd Dilbazov idi. Azərbaycanın müstəqil dövlət olaraq inkişaf yoluna çıxdığı mürəkkəb siyasi və iqtisadi şəraitdə birdüşüncə adamı olaraq, ölkəsinin iqtisadi tarixinin tədris olunması məsələsini irəli sürmüş və bununla bağlı xüsusi tədris proqramı hazırlamışdı. İndi Azərbaycanınn suverenlik qazandığı, onun yeni iqtisadi sistemə qədəm qoyması ilə iqtisadiyyatının inkişaf yönümünün tədriclə köklü surətdə dəyişdiyi və yeni istiqamət aldığı bir şəraitdə, o, bir iqtisadçı alim kimi bu sahədə vəzifə borcunu uğurla yerinə yetirməyə çalışırdı. Hələ bazar iqtisadiyyatına keçidin ilk vaxtlarından başlayaraq, bu problemlərə dair mütəmadi şəkildə elmi araşdırmalar aparmağa başlamış, təklif və tövsiyələr irəli sürmüşdü.  Professor Əsəd Dilbazovun elmi yaradıcılıq fəaliyyəti təkcə ali məktəb çevrəsi ilə məhdudlaşmırdı. Geniş diapazona malik bir alim və ziyalı olmaqla, mətbuatla əlaqəsini kəsmir, jurnalist fəaliyyəti ilə də məşğul olurdu. Avtobioqrafiyasından oxuyuruq ki, azərbaycanca və rusca çıxan «Azərbaycan kommunisti» - «Kommunist Azerbaydjana» juralında 1954-cü il yanvarın 27-dən 1956-cı il oktyabrın 20-dək əvəzçilik qaydası ilə şöbə müdiri vəzifəsində çalışmışdı. Onun iqtisadi tarix sahəsindəki böyük xidmətləri nəzərə alınmaqla, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin iqtisadi tarix komissiyası heyətinin üzvü seçilmişdi. Ömrünün son illərində Azərbaycan Dövlət İqtisad Universitetinin Metodiki Şurasının və Namizədlik, Doktorluq Dissertasiyalarının Müdafiəsi üzrə Elmi Şuranın üzvü idi. Professor Əsəd Dilbazov iqtisad elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında, tədris-təlim sahəsindəki xidmətlərinə görə dəfələrlə təhsil sahəsində qalib döş nişanına, təltiflərə layiq görülmüşdür. 2002-ci iidə anadan olmasının 75 illiyi münasibəti ilə ölkə prezidentinin fərmanı ilə «Şöhrət Ordeni» ilə təltif edilməsi isə onun elmi fəaliyyətinə dövlətin verdiyi ən yüksək qiymət idi. Bu yubiley onun çalışdığı Azərbayccn Dövlət İqtisad Universitetinin kollektivi tərəfindən hörmətlə qeyd edilmişdi. Ömrünün son gününə qədər bu elm və tədris müəssisəsində Azərbaycan tarixi kafedrasının məsləhətçi-professoru olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirirdi.
Əsəd Dilbazov 1957-ci ildə ailə qurmuşdur. Ömür-gün yoldaşı Əzizə Məcid qızı Dilbazova (1935) ixtisasca uşaq həkimidir. Onların övladları: Kamil, Aynur və Zamira.

Abunə olun

Yeniliklərdən xəbərdar olun