1861-1942

İSMAYIL AĞA HACIKƏRİM AĞA OĞLU DİLBAZOV 
Hacıkərim ağanın ikinci oğlu ismayıl ağa son dərəcə dramatik bir həyat yaşamışdır. Mirvarid xanım yazır ki, Xanımqızın həmişə danışanda özünü saxlaya bilməyib ağladığı bu hadisə «...birinci ərindən doğulub körpəliyindən atasız böyütdüyü qədd-qamətli, gözəlliyindən, şirin söz-söhbətindən doymadığı əziz-ərkə böyük oğlunun gənclik ehtirası - dəliqanlılığı ilə nəsildə etdiyi haqsız bir qan işi üçün 20 il Sibirə sürgün edilməsi idi».
...Qətl hadisəsi 1883-cü il oktyabrın 28-də baş vermişdi: İsmayıl ağa və əmizadəsi Ziyaddin ağa Hacı ağa oğlu Dilbazov bu nəslin təmsilçilərindən başqa birini -Alı ağa Hüseyn ağa oğlu Dilbazovu qətlə yetirmişdilər. Hadisə əsnasında Alı ağanın mindiyi at da vurulmuşdu. Hadisənin üstündən az keçmiş hər ikisi - İsmayıl ağa və Ziyaddin ağa həbsə alınaraq Qazax qəza həbsxanasına salınmış, barələrində cinayət işi qaldırılmış, istintaq orqanları hadisəni II Aleksandrın qanunları əsasında «qəsdən qətl hadisəsi törətmək» maddəsi ilə tövsif etmişdilər. Beləliklə, demək olar 6 il - 3 noyabr 1889-cu ilə qədər davam edən istintaq və bunun ardınca ucu ən sonda çar III Aleksandrın masasının üstünə gedib çıxan və neçə-neçə mərhələdən ibarət uzunsürən bir məhkəmə işi və bunun sonrasında idarələrarası yazışmalar başlanır. Hadisə baş verəndə onlar çox gənc idilər - İsmayıl ağanın 22 yaşı, Ziyaddin ağanın isə cəmi 21 yaşı vardı və bundan başqa, Alı ağa Ziyaddin ağanın doğma əmisi idi. İddiaçı qismində mərhumun doğmalarından Zeynəb xanım Mustafa ağa qızı çıxış edirdi. Məhbuslar az sonra Qazax qəza həbsxanasından Gəncədəki quberniya həbsxanasına köçürülmüşdülər. Xanımqız və oğlu Həşkərim, oğluna atalıq edən - uşağın əmisi Məmmədkərim ağa onu qurtarmaq üçün var-yoxdan çıxırdılar, lakin bir şeyə nail ola bilmirdilər. 1884-cü ilin fevralında hər iki məhbusun külli miqdarda pul girovu müqabilində zaminə buraxılacağı barədə şayiə yayıldıqda qətlə yetirilmiş Alı ağanın qardaşı Kornet Rəhim ağa Dilbazov aprelin 21-də Yelizavetpol Dairə Məhkəməsi prokuroruna ərizə yazaraq bildirdi ki, onların həbsdən buraxılması mənim öldürülməyim deməkdir və bu adamlar azadlığa çıxdıqda, şahid ifadələrinin dəyişdirilməsinə nail olacaqlar. Odur ki, zaminə buraxılmaq məsələsi baş tutmur. Ardınca hər iki məhbus Yelizavetpol quberniya həbsxanasından yerlərinin Qazax qəza həbsxanasına dəyişdirilməsini xahiş edən ərizə yazdırırlarsa da, bu xahişləri də təmin olunmur. Yelizavetpol Dairə Məhkəməsi özünün 20 yanvar 1886-cı il tarixli qərarı ilə İsmayıl ağa Dilbazovu «bütün hüquqlardan, varidatından məhrum edərək Sibirin o qədərdə ucqar olmayan yerlərindən birinə sürgün edilməyə» məhkum etdi.   Ziyaddin ağa Dilbazov barəsində də eyni hökm çıxarıldı, fərq yalnız bunda idi ki, Ziyaddin ağa Dilbazov «Sibirin daha ucqar yerlərindən birinə» sürgün edilirdi. Bundan başqa, hər iki müttəhim məhkəmə məsrəflərini ödəməli və üstəlik iddiaçı Zeynəb xanım Mustafa ağa qızı Dilbazovaya öz əmlakları hesabına o vaxtın pulu ilə böyük məbləğ - 495 manat pul ödəməli idilər (adama yarı məbləğ). Müttəhimlər məhkəmənin bu qərarından Tiflis Məhkəmə Palatasına - Zaqafqaziya diyarının ali instansiya məhkəməsinə kassasiya şikayəti verdilər. İşə Tiflis Məhkəmə Palatasında 8 iyun 1886-cı il tarixdə baxıldı və hökm qüvvədə saxlanıldı. Ardınca müttəhimlərin vəkili Turkevets Sankt-Peterburqa - Hökumət Senatının Kassasiya Departamentinə hökmdən şikayət ərizəsi verdi. Orada işə 4 oktyabr tarixində baxıldı və hökm yenidən qüvvədə saxlanıldı. Lakin müttəhimlərin hər ikisi əsilzadə zümrəsinə aid olduqlarından, mövcud qaydaya görə, onların məhkumluq qərarını İmperator özü şəxsən təsdiqləməli idi. Ədliyyə Nazirliyi imperatora müraciət edir və III Aleksandr 10 dekabr tarixli dərkənarı ilə hökmü qüvvədə saxlayır və bu barədə Tiflisə, Tiflisdən isə Yelizavetpola məlumat verilir.
Yelizavetpol Quberniya İdarəsi Yelizavetpol Dairə Məhkəməsi prokuroruna göndərdiyi 11 mart 1887-ci il tarixli 4077 saylı məlumatı ilə bildirirdi ki, məhbuslar fevralın 23-də təyinatları üzrə yola salınıblar...
Mirvarid xanım yazır: «Allaha inamlı Xanımqız gecə-gündüz bu illərin ömrünü qısaltmaq üçün nə qədər dua edirsə, Allah onu eşitmir və bu sürgünün ömrü 25 il uzanır. Bu illər ərzində sanki bir daş bir quyuya düşür, gözüyaşlı anaya oğlundan bir xəbər gəlmir. Yalnız 25 ildən sonra günlərin birində Xanımqızın qapısını xurmayı saçlarına dən düşmüş, qədd-qaməti düzgün, uca boylu, 45 yaşlı gözəl bir kişi açır. Bu gözəl kişi onun 25 il yolunu gözlədiyi əziz oğlu idi. Özündən - yəni sürgünə getdiyi ildən 5 il sonra doğulan Paşa da artıq 20 yaşın ilk pilləsinə qədəm qoymuşdu». İsmayıl ağa Dilbazovun sürgün həyatı barədə bəlli olan odur ki, buradan ona vaxtaşırı pul-para göndərilirdi. Sürgün yerində bir rus qadını ilə yaşadığı, ondan iki oğlu doğulduğu barədə də söhbətlər var. 1905-ci ildə Rusiyada başlanan inqilabi hadisələrin təsiri altında əfvi-ümumi elan edildi və İsmayıl ağa 1907-cı ildə - az qala 25 il ayrılıqdan sonra Qazağa qayıda bildi. Sürgün illərində rus dilini mənimsəyə bildiyindən, kənddə Avropa qiyafəsinə üstünlük verdiyindən adına el arasında «Rus ismayıl ağa» da deyilmişdir. Maarif-pərvər bir adam olan ismayıl ağa Dilbazov Xanlıqlarda 1916-cı ildə tikdirdiyi beş otaqlı daş evini 1918-ci ildə kənd məktəbi üçün vermişdi (Müseyib Dilbazi danışırdı ki, Xanlıqlarda həmin binada yerləşən məktəbdə oxumuşdu və bu bina son illərə-dək dururmuş, sonra uçurublar). İsmayıl ağa sovetləşmədən sonra Musaköydə yaşayırdı. Lakin Şamxorda «Bitdili imamı» əhvalatı ortaya çıxanda ətraf rayonların hökumətin gözündə etibarsız sayılan ünsürlərinə nəzarət gücləndiriləndə İsmayıl ağa Dilbazovla da maraqlandılar. 1930-cu il oktyabrın 10-da kənd sovet sədri Qələndər İbrahim oğlu onun barəsində DSİ işçisi tərəfindən dindiriləndə, İsmayıl ağa Dilbazovu belə xarakterizə etmişdi:
«...Musaköy sakini, 55-60 yaşlarında, keçmiş bəy, səs hüququ alınıb, özünün 5 otaqdan ibarət evi var, kəndlilər arasında antisovet təbliğat aparır, kəndlilər arasında hörməti var və son dərəcə nüfuzlu adamdır, çarizm zamanı qətl üstündə Sibirə sürgün edilmiş, 10 il orada qalmışdı, Daş Salahlı bandit elementləri ilə əlaqəsi var, Ermənistana və Qarabağa sürgün edilənlərlə sıx münasibət saxlayır». Həmin oktyabr ayında başqalarından alınmış ifadələr də eyni məzmun daşıyır və əlbəttə, əlavə olunurdu ki, «Şamxora imamın yanına gedib, əksinqilabi təbliğat aparır». 1931-ci il fevralın 12-də Xanlıqlarda tərksilah əməliyyatı başlanan zaman, necə olmuşdusa kənddə olmamış, yaxud Qazaxda vəziyyətdən xəbər tutaraq oradan çıxıb Gəncəyə qaça bilmişdi. Həmin məşum fevral günlərində DSİ müvəkkili Kuropatkin İsmayıl ağa Dilbazovun «haradasa gizləndiyini» qeyd edirdi. Bu o anlama gəlir ki, həmin vaxtlaronun harada olması barədə Qazax rayon şöbəsində məlumatyox idi, yerini bilsəydilər, tutub Qazağa qaytarar, mühakimə edərdilər. İsmayıl ağa sonrakı illəri, səksəkəli və narahat olsa da, Gəncədə yaşadı. Bu vaxtlar artıq qocalmışdı, orada yaşasa da işləmirdi. 1942-ci ildə Gəncədə öz əcəli ilə vəfat etmiş, orada dəfn olunmuşdur.  İsmayıl ağa Dilbazov sürgündən qayıdan ili Xanlıqlara qonşu Sofulu kəndindən Pəri xanım is-mayıl ağa qızı ilə ailə qurmuşdu.
Övladları: Hacı(kərim), Sitarə (Sara) xanım, Həmayıl xanım, Xanım. Ababil xanım.
Sitarə xanım (Sara xanım) Mirzəyeva ixtisasca müəllim olsa da, pedaqoji işdə deyil, müxtəlif idarələrdə xırda vəzifələrdə çalışdı. Vəfat etmişdir. Qızı Siyasətdən (o da vəfat edib) dörd nəvəsi qalmışdır.
Həmayıl xanım ixtisasca müəllimə idi, öz nəslindən Xülusi Camal ağa oğlu Dilbazi ilə ailə qurmuş, onun övladlarının anasıdır.Xanım İsmayıl ağa qızı Gəncədə Qafar Rəhimzadə ilə ailə qurmuş, elm adamı, professor  Fikrət Rəhimzadə və siyasi xadim Arif Rəhimzadənin anasıdır.İsmayıl ağanın kiçik qızı Ababil isə gənc yaşlarında Gəncə şəhərində həyatdan getmişdir.

Abunə olun

Yeniliklərdən xəbərdar olun