1902-1982

VƏLİ AĞA BÖYÜK AĞA OĞLU DİLBAZİ 
1902-ci ildə Qazax rayonunun Böyük Xanlıqlar kəndində anadan olmuşdur. Böyük Ağanın oğlunun dünyaya gəlişini eşidən Əbdürrəhim Ağa bir gün atını Böyük Ağanın qapısına sürür, qundağı alıb qucağına götürür və Vəlixan meşəsinə aparır, orada iki iri heyvan kəsilir, böyük mərəkə-məclis təşkil edir və «Adını Vəli ağa qoydum» deyə məclis əhlinə elan edir. Böyük ağa savadsız olduğuna baxmayaraq, elmə və maarifə çox böyük qiymət verdiyindən oğluna yaxşı təhsil verməyə çalışmışdır. Odur ki, 1909-cu ildə onu tanış bir ziyalının vasitəsilə Tiflisə aparıb, Mariya Vasilyevna Oblomskayanın evinə qoyur. M.V.Oblomskaya köhnə Tiflisdə çox tanınmış və təcrübəli müəllimə sayılırdı. Müəllimə düz bir il 7 yaşlı Vəlinin hazırlığı ilə məşğul olur, hətta yayda onu özü ilə Anapaya aparır. Həmin ilin avqust ayında Vəli Dilbazi imtahan verib Tiflisin 3-cü oğlanlar gimnaziyasının hazırlıq sinfinə qəbul olunur. Vəli ağa Dilbazi burada Daş Salahlı kəndinin starşinası Məmməd koxanın oğlu Həmid Mahmudovla bir yerdə oxumuşdu və onların 1913-cü ildə Vəli ağanın atası Böyük ağa ilə bir yerdə çəkilmiş fotoşəkli gimnaziyada oxuduqları illərdən yadigar qalmışdır. Vəli ağanın xatirələrinə görə, gimnaziyada oxuduğu illərdə də Həmid Mahmudovla birlikdə Mariya Vasilyevna Oblomskayadan - Məmməd koxanın tanışı olan bu müəllimədən rus və fransız dili fənləri üzrə əlavə ev təhsili alırmış. «Oblomskayanın çox mahir dərs keçməsi vardı. Zadəgan nəslindən olan bu yaraşıqlı qadın sözləri və cümlələri avazla, xüsusi ahənglə tələffüz edərdi. Həmid onun bircə deyimindən hər şeyi qavrayıb özününkü edərdi. Mənə isə iki-üç dəfə təkrar edərdi. Bir dəfə heyrətini gizlədə bilməyən Mariya Vasilyevna dedi ki, fəxr eləyirəm Həmid kimi yetirməm var, amma heyf ki, tatardır. Gimnaziyanı qurtarandan sonranın əzabını indidən duyuram. Onu başa düşməyəcəklər. Həmid də od olub özünü yandıracaq», - deyə Vəli ağa o illəri xatırlayarkən müəllimənin öz şagirdi barədə söylədiklərinin nə qədər dəqiq çıxdığını, Həmidin həyatının faciəvi sonluğunu həmişə dərin bir kədərlə qeyd etmişdir. Özünün söylədiklərinə görə, gimnaziyadan Qa-zağa tətilə gələndə Qazaxda gimnaziya formasını dəyişər, çərkəzi çuxasını geyinər, kəmər-xəncərini qurşar, yalnız bundan sonra atası Böyük ağanın gözünə görünərmiş. (İ.Şıxlının «Dəli Kür» romanında Cahandar ağanın seminarist oğlu Əşrəflə geyim sarıdan necə rəftar etdiyi ilə eyniyyət göz qabağındadır). 1918/19-cu tədris ilində Tiflis 3-cü oğlanlar gimnaziyasını bitirən Vəli Dilbazi 1920-ci ilin sentyabr ayından Qazax Müəllimlər Seminariyasında pedaqoji fəaliyyətə başlayır. Ali təhsil almaq niyyəti ilə 1924-cü ildə Xarkov Universitetinə daxil olur. Lakin müəyyən səbəblər üzündən 1928-ci ildə 4-cü kursdan universiteti yarımçıq buraxmalı olur. V kursu Azərbaycan Pedaqoji İnstitutunda başa vurur. Sonra Vəli Dilbazinin Azərbaycan qəzalarında kənd məktəblərində müəllimlik epopeyası başlanır. 1931-ci ilə qədər Qazax və Göyçay qəzalarının Birinci Şıxlı, Ləkçılpaq, Muradxani., Sığırlı kəndlərində müəllim və məktəb müdiri vəzifələrində işləmişdir. Bu on ildə o, gecələr çıraq işığında kəndlərimizdə savadsızlığın ləğv olunması uğrunda birxalq müəllimi olaraq fədakarcasına çalışmışdır.
1931-ci ildə Bakıya gəlmiş və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda fəal ictimaiyyətçi kimi də tanınırdı. 20-30-cu illərdə ölkədə mədəni inqilabın fəal iştirakçılarından biri idi. Lakin 37-38-ci illərdə XDİK Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onun və dayısı Həmzə Kərbəlayevin gününü göy əskiyə bükmüşdülər. Vəli ağanın qızı Tamella xanımın xatırladığı kimi, onları tez-tez orqanlara çağırır, sıxma-boğmaya salır, onların bir yerdə çalışdıqları ziyalılar barəsində xəbərçilik etmələrini tələb edirlərmiş. Hətta Vəli ağanı bir neçə gün orada saxlamışdılar da. Lakin bu ləyaqətli insanlar özlərini bu nakişilik funksiyasından birtəhər qoruya bilirlər. Vəli Dilbazi 1958-ci ilə qədər Bakının 3, 7, 5, 49, 6 və 173 saylı məktəblərində rus dili və Azərbaycan dili müəllimi işləmişdir. Dəfələrlə mükafatlar, fəxri fərmanlar və təşəkkürlər almış, onun pedaqoji fəaliyyətinə dövrə görə yüksək qiymət verilmişdir. Ülkədə 50-ci illərdən etibarən siyasi iqlim yumşaldıqdan sonra Sovetlər Birliyinin ən yüksək mükafatlarından olan «Lenin ordeni», daha sonra «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuş, ona əməkdar müəllim fəxri adı verilmişdir. Ömrünün az qala 60 ilini xalqının maariflənməsi yolunda sərf edən Vəli Dilbazinin 80 illik yubileyi günlərində M.N.Tusi adına 173 saylı məktəbin dərs hissə müdiri Ə.M.Rəhimova bu xalq müəllimi haqqında yazmışdır:  «Vəli Dilbazi zəhməti, bacarığı, əqidəsi, xidmətləri ilə öz həmkarları, onu tanıyanlar arasında hörmət və ehtiramın zirvəsini fəth etmişdir. Mən 173 saylı məktəbdə pedaqoji fəaliyyətə başladığım ilk gündən Vəli müəllimi həmin uca zirvədə görmüşəm, onu müəllim kollektivinin iftixarı kimi tanımışam. 80 yaşlı bu ağsaçlı müəllim əzəmətin, iradəliliyin, zəhmətsevərliyin simvoluna çevrilib. Respublikamızın hər bir guşəsində Vəli müəllimin şagirdlərinə rast gəlmək olar. İndi elmlər doktoru, mühəndis, aqronom, rus dili müəllimi olan keçmiş məzunları Vəli Dilbazi ilə görüşəndə onu doğma ata kimi qucaqlayır, ehtiramla salamlaşırlar.
Vəli müəllimin həmişəcavan, qamətli, vüqarlı qalmasının bir sirri də bundadır. Hökumətimiz onu xidmətlərinə görə «Lenin ordeni» və «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif etmiş, dəfələrlə fəxri fərmanlara layiq görmüşdür. Zəhmətsevərlik, xalqına, gələcəyimiz olan balalara sonsuz məhəbbət, öyrənmək, öyrətmək həvəsi, respublikamızda maarifin inkişafı naminə çalışmaq Vəli Dilbazini sənətin zirvəsində həmişə yanan, işıq saçan bir ulduza döndərmişdir». Vəli ağanın maarif işi ilə yanaşı ikinci hobbisi atçılıq, bu işin populyarlaşdırılması idi. Xüsusən də onun Dilbaz atlarının keçmişi ilə bağlı bəzi mübahisəli məqamlara aydınlıq gətirməsi diqqətə layiqdir. Vəli ağanın bu sahədə birinci xidməti cinsin adının düzgün terminoloji yazılışının - «diliboz», «diiboz» deyil, «DİLBAZ» olduğunu təsbit etməsidir. Bu at cinsinin şöhrətli keçmişinə və xüsusiyyətlərinə dair Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin elmi və təbliğati baş idarəsinin xətti ilə «Dilbaz atı» adlı bir broşura nəşr etdirmişdir (1982). Bundan başqa, Vəli ağa Dilbazinin öz nəslinin və Dilbaz atlarının keçmişinə dair maraqlı bir əlyazma xatirə yazısı da vardır ki, bu kitab üzərində işləyərkən onlardan bəhrələndik. Əlyazmanın arxasında 24 aprel 1979-cu il tarixi qeyd edilmişdir. Vəli ağanın qızı Ramella Dilbazi Bakı şəhər M.N.Tusi adına 173 saylı orta məktəbin rus dili müəlliməsi işləyirdi. Bu məktəbdə atasmın yerini tutan Ramella Dilbazi Vəli müəllimin apardığı rus dili fənni üzrə metodbirləşmənin sədrliyi kimi mühüm bir sahəyə rəhbərlik edirdi. Vəli ağa Dilbazi birinci dəfə öz nəslindən Çingiz ağa Dilbazovun qızı Mirvari xanımla evlənmişdir. Mirvari xanım gənc yaşında vəfat etdikdən sonra Qıraq Kəsəmənli İsrafil ağa Kərbəlayevin qızı Zəkiyyə xanımla (1905-1973) ailə qurmuşdur. Zəkiyyə xanım Tiflisdə gimnaziya bitirmişdir. Sonra İkiillik Müəllimlər İnstitutunu bitirmiş, lakin pedaqoji işdə çalışmamışdır. Ziyalı, son dərəcə zəngin mənəviyyatlı bir qadın olmuşdur.
Vəli ağa və Zəkiyyəxanımın övladları: Tamilla, Zemfira, Elmira, Ramella, Aza.
Tamellaxanım (1929, 3sentyabr) Bakıda 18 saylı məktəbi 1947-ci ildəqızıl medalla bitirmiş və Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil  olmuşdur. 1953-cü ildə bu ali məktəbi qırmızı diplomla bitirmişdir. O vaxtdan pensiyaya çıxan günə kimi tibb sahəsində çalışmışdır. İsrafil Nəzərov ilə (həkim) ailə qurmuşdur. Övladları - İslam, Bakıda yaşayır, qızları Müjgan Amerikadadır. Zemfira xanım (1938) ADU hüquq fakültəsinin məzunudur. Bir qızı var - Yasəmən (psixoloq). Elmira xanım (1939) Xarici Dillər institutunun rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Azərbaycan Neft və Kimya institutunda rus dilini tədris edirdi. Hazırda pensiyadadır. Övladı yoxdur.
Ramella xanım (1940) rus dili müəlliməsi idi, hazırda pensiyadadır. Oğlu Çingiz avtomobil qəzasında həlak oldu. Qızlarından Firəngiz BDU biologiya fakültəsini bitirmişdir, Nərgiz isə həkim-pediatrdır.
Aza xanım (1943) Xarici Dillər İnstitutunun rus dili fakültəsinin məzunudur. Pedaqoji işdə çalışmışdır. İki qızı var. Vəli ağanın atasının adını qoyduğu Böyükağa 1948-ci ildə dörd yaşında ikən tələf olmuşdur.
Vəli ağa Dilbazi, arvadı Zəkiyyə xanım və tifil ikən itirdiyi oğlu Böyükağa Bakının Dağüstü qəbristanlığında başqa qazaxh qohum-əqrəba ilə bir səmtdə dəfn olunmuşdur.

Abunə olun

Yeniliklərdən xəbərdar olun