1859-1917

ƏBDÜRRƏHMAN AĞA HACIKƏRİM AĞA OĞLU DİLBAZİ
Əbdürrəhman ağa Hacıkərim ağa oğlu Dilbazi 1859-cu ildə anadan olmuşdur.
Atadan və anadan yetim qaldıqdan sonra analığı Xanımqızın nəzarətində böyüyür. Xanımqız onu evləndirir və atasının mal-mülkündən ona çatasını ayırıb sərəncamına verir. Onunla atabir-anabir bacı olan Güləndam xanım da ərə verilir. Mirvarid xanım yazır ki, «çox nəcib bir gənc olan Əbdürrəhman da ömrünün sonuna qədər ona ana kimi hörmət edir və onun əmisindən olan kiçik Paşaya böyük qardaş münasibəti bəsləyir». Əbdürrəhman ağa doğma kəndi Xanlıqlarda maldarlıq və qoyunçuluqla yanaşı, atçılıqla da yaxından məşğul olmuşdur. Vəli ağa Dilbazinin yazılı xatirəsində də anıldığı kimi, Əbdürrəhman ağanın ilxısı açıq boz rəngli Dilbaz atlarından ibarət idi. Xatırlandığına görə, keçən yüzilin əvvəllərində ən çox sayda cins Dilbaz atları onun atçılıq təsərrüfatında olmuşdur. Bundan başqa, onun Aslanbəylidə Dərviş adlı şəxsə bu atlardan damazlıq verdiyi və həmin adamın o kənddə bu cins atların sayını artıra bildiyi söylənir. Bundan başqa Əbdürrəhman ağanın Qazax şəhərində də ev və həyətyanı sahədən ibarət mülkü vardı (keçən yüzilin əvvəllərinə aid sənədlərdə -6-cı məhəllə, 5 nömrəli sahə).Görməsi zəif olduğu üçün eynək taxdığına görə adına el arasında «Kor Əbdürrəhman ağa» da deyilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, rəsmi sənədlərdə adı iki formada - «Əbdürrəhman ağa» və «Əbdürrəhim ağa» formasında yazılır. Görünür bu, nəsildə ondan böyük ikinci bir Əbdürrəhman ağa olduğundan fərqlənmə xatirinə «Əbdürrəhim ağa» şəklinə özü tərəfindən dəyişdirilmişdir.
Əbdürrəhman ağanın ən yaxın dostları məşhur Qazax bəyləri - Yuxarı Salahlıdan Alinaq bəy Alinaqov və Qıraq Kəsəmənli israfil ağa Kərbəlayev idi. Onların hər üçünün bir yerdə çəkilmiş fotoşəkli bizim günlərədək qalmışdır və bu fotoda Əbdürrəhman ağa eynəklidir. Nəvəsi Müseyib Dilbazinin söhbətlərinə əsasən, Əbdürrəhman ağa xarakteri etibarı ilə xeyirxah və səxavətli adam imiş. Bir dəfə kənddə Merə Həmid deyilən (boyunun balacalığına görə kənd arasında bu adla tanınırmış) çoxuşaqlı bir kişinin nə üçün bunların sünnətini etdirmədiyini soruşur. «Ay ağa, nəyim var, nə ilə etdirim?» - deyə Həmid kasıblıqdan şikayətlənib. Deyir: «Bədbəxt oğlu, evdə ol, bir yana getmə». Əbdürrəhman ağa gedib Ağköynəkdən biraşıq, Məşədi Ayvazalını da götürür, onun sünnət məclisini təşkil edir və uşaqlara yavanlıq olsun deyə, ailəyə bir sağmal inək bağışlayır.
Müseyib əminin danışdığı başqa bir əhvalat:
-Qarapapaq kəndindən Mustafa adlı bir adam tanıyırdım. Əbdürrəhman ağa onun çoxuşaqlı atasından - qapıda tumançaq dolaşan sünnətsiz uşaqlarını görüb,sünnətlərini niyə ləngitdiyini soruşur. O da: «Ay ağa, başına dönüm, elətdirə bilmirəm, imkanım yoxdur» deyib. Bir atlı göndərib Aşıq Məmmədyarı və bir dəllək çağırtdırır, balacalara kirvə duraraq bu kasıb ailənin müşkülünü yoluna qoyur.
Yaxud Müseyib əmidən yazıya alınmış başqa bir misal:
- Qazaxda poçtun uzun illər rəisi olmuşdu, Musayev İsmayıl, adına «Ağbaş İsmayıl» deyirdilər. Bir də gördüm bir məclisdə məni çağırır. Məni başda oturtdu. Dedi: «Aya, qardaş oğlu, sən bilirsənmi mən kiməm?». Başımı buladım. Dedi: «Baban Əbdürrəhman ağa mənim kirvəm olub». Ardınca mənə belə bir söhbət elədi: «Çox kasıb dolanırdıq, bizim sünnətimizi ləngitdiyinə görə atamı sənin baban Əbdürrəhman ağa bihörmət elədi, getdi bizlərə pal-paltar aldı, adam yığdı və bizim sünnətimizi elətdirdi. Çox xeyirxah kişi idi»... Əbdürrəhman ağa Dilbazi çoxarvadlı ağalardan olmaqla, çox böyük bir ailənin başçısı idi. Birinci arvadı Nigar xanım olub, qonşu Haqqıxlı kəndindən idi (bu kəndin camaatının əksəriyyəti mənşə etibarı ilə Salahlı elindən ayrılmadır). Bu nikahdan oğulları Ömər ağa, Osman ağa, qızları Yüztümən xanım, Savad xanım və Abihəyat xanım doğulurlar. Onun bu övladlarından Osman ağa barəsində irəlidə geniş danışılacaq. Yüztümən xanım öz nəslindən Abdulla ağa Dilbazovla ailə qurmuşdur (övladları: Sevil xanım, Fikrət). Savad xanım öz nəslindən ibrahim ağa Dilbazova ərə gedib: İbrahim ağa sürgündə olub. Oğlanları: Firdövsi, Kamal, Hüseyn. Əbdürrəhman ağanın ikinci arvadı Çaylı kəndindən olan Zeynəb xanım rəiyyət qızı idi. Bu nikahdan Əli ağa, Əjdərağa, Ağalarbəy, Xanlarağa və Gülxanım doğulmuşlar. Əli ağanın taleyi barədə irəlidə bir az geniş danışılacaq. Əjdər ağa gənc ikən vəfat edib, ondan heç kəs qalmayıb. Ağalar və Xanlar yeniyetmə yaşlarında dünyadan gedibiər. Gülxanım (əvvəlki adı Təzəgül) Çaylı kəndində ərdə olmuşdur. Üç oğlu var idi: Həmid (vəfat edib), Qamət (avtobazada işləyir) və Sərhəd (vəfat edib) Mərdəliyevlər. Əbdürrəhman ağanın üçüncü arvadı qonşu Ürkməzlidən Hilal xanım Bəkir ağa qızından Dilbaz ağa, Afitab xanım, Güləndam xanım doğulurlar. Qaçaq Dilbazın dramatik taleyi barədə irəlidə bir az geniş danışılacaq. Afitab xanım Əbdürrəhman ağa qızı öz nəslindən Tahar ağa Dilbazovla ailə qurmuşdur, onun övladlarının anasıdır.
Əbdürrəhman ağanın Hilal xanımdan doğulan ikinci qızı Güləndam xanım Tovuz mahalının Ocaqlı kəndindən Mansır ağa ilə ailə qurmuşdur. Güləndam xanımın qızı Firuzə xanım müəllimə idi, Yevlaxda yaşayırdı, vəfat etmişdir. Əbdürrəhman ağanın Hilal xanımdan doğulan üçüncü qızı Abihəyat xanım Ağ köynək kəndindən Mirzalı ağa Qiyasbəyliyə ərə getmişdir. Onlar 1931-ci ildə sürgünə göndərilmişlər, Mirzalı ağa sürgündə vəfat etmiş, Abihəyat xanım isə salamat qayıda bilmişdir. Onların dörd oğlu qaldı: Paşa, Məhərrəm, İmran və Söhrab. Onun övladları Gəncədə yaşayırdılar, özlərindən sonra törəmələri qalmışdır. Əbdürrəhman ağa Dilbazov üçüncü dəfə Salahlıdan Hacımurad ağa Vəkilovun qızı Züleyxa xanım Vəkilovanı (1897-ci il təvəllüd) almışdır. Züleyxa xanımdan (Zalxa xanım) bir qız övladı dünyaya gəlmiş, lakin qızcığaz yeniyetmə yaşlarında vəfat etmişdir. Əbdürrəhman ağa bu arvadını o birilərdən çox istədiyinə görə, günüləri onu bərk qısqanırmışlar. Züleyxa xanım şən xasiyyətli bir gəlin olmaqla bərabər, qarmonda və kamançada gözəl havalar ifa etməyi də bacarırmış. Əbdürrəhman ağa Dilbazovun 1913-cü ildə gözləri tamam tutulur. Artıq 1914-cü ildən onun varidatı üzərində qəyyumluq hüququ böyük oğlu Osman ağanın üzərinə düşür. Əbdürrəhman ağa Dilbazov 1917-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Nigarxanım qonşu Sofulu kəndində Məhəmməd ağaya ərə gedib. Bu nikahdan məşhur pəhləvan Paşa Kərimov doğulub. Yeri gəlmişkən, Osman ağa Dilbazovun ana qardaşı, məşhurqazaxlı pəhləvan Paşa Kərimov Şərq pəhləvanlıq ənənələrinin layiqli davamçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1990) idi. Xanlıqlara, qonşu Sofulu kəndində böyüyüb boya-başa çatmışdır. Pəhləvanlıq peşəsinə yeniyetmə yaşlarında ikən həvəs göstərmiş, bu işdə məşhur pəhləvan Sali Süleymanın Qazaxda qastrol tamaşası həll edici rol oynamışdır. Kənddə məşq etməyə başlamış, daşları atıb-tutur, barmaq yoğunluğunda dəmiri əyir, çay daşlarını yumruğu ilə sındırırdı. Kənddə onu hamı «Paşa pəhləvan» kimi tanıyırdı. Ona Qazaxda pəhləvanlıq peşəsi haqda sənəd verilir və Qazağın və Tovuzun kəndlərində, el şənliklərində çıxışlar etməyə başlayır və populyarlaşır. ilk tamaşasının afişasına elə belə də yazılmışdı: «Paşa pəhləvan». 50-ci illərdə bir müddət Ermənistanda və Gürcüstanda yaşamış, sonra Qazağa qayıtmış və rayonun mədəniyyət şöbəsi nəzdində fəaliyyətini qurmuşdur. Onun nömrələri arasında bunlar vardı: iri pudluq daşları sinəsində oyuncaq kimi atıb-tutur, 10-15smuzunluğundamismarı bir zərbə ilə taxtaya çalır, boynunda şalban sındırır, 7 tonluq maşını sinəsi üstünə qoyulmuş taxta döşəmənin üstünə çıxarır. Paşa pəhləvanın qeyri-adi nömrələrindən biri də saçına yük maşını bağlayıb, Qazağın küçələri ilə ardınca dartıb aparması idi. Paşa Kərimov bu illərdə sərbəst güləşlə də məşğul olurdu və bir sıra turnirlərin qalibi olmuş, SSRİ idman ustası adını almışdı.
Paşa Kərimov 70-ci illərdə «Cəngavər» sirk-estrada ansamblı təşkil edir. Buraya mahir kəndirbazlar, gözbağlıcalar, rəqqaslar daxil idilər. Ansamblın üzvlərindən Zəminə Hacıyeva (rəqqasə), Əhməd Nuriyev (pəhləvan), oğulları Şirxan və Rəfail qeyd oluna bilər. Onun liliputu Alı Vəliyev təşkil edilən tamaşalarda böyük maraq doğururdu. Bu liliput onun himayəsində idi və onları tez-tez bir yerdə görmək olurdu. Paşa Kərimov 1988-ci ildə Bakıda Ümumittifaq kino festivalında «Cəngavər» sirk-estrada ansamblında çıxış etmiş və xüsusi diplomla təltif olunmuşdu. Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası onun fəaliyyəti barədə «Varis» filmini çəkmişdir. Qazaxda vəfat etdi. Haqqında mətbuatda çoxlu yazılar dərc edilmişdir. Qeyd edək ki, Paşa Kərimov əvvəlcə yazıçı Mövlud Süleymanlının bacısı ilə evlənmişdi.Bu nikahdan birqızı doğulmuşdur. Sonra Borçalının Baş Keçid (Dmani-si) rayon icraiyyə komitəsinin sədri, o bölgədə böyük nüfuz sahibi olan Mahmud Qələndərovun qızını qaçırmışdı. Bunun üstündə onu həbs etmişdilər. Sonra buraxıldı. Paşa Kərimovun oğulları Şirxan və Rəfail atalarının pəhləvanlıq peşəsini davam etdirirlər.
 

Abunə olun

Yeniliklərdən xəbərdar olun