1906-1995

YUSİF NİFTALI AĞA OĞLU YUSİFOV DİLBAZİ
Dövlət xadimi, tarix elmləri doktoru, 
Bakı Dövlət Universitetinin professoru (1906, 20 oktyabr - 1995, 14 iyun)
Xanlıqlarda anadan olmuş, yetimliklə böyümüş, ilk təhsilini Xanlıqlarda almışdır. Onun istedadını görən qohumu, Qazax şəhər sakini, Mahmud bəy Qiyasbəyov Yusifi evlərinə götürmüş, tərbiyəsi ilə rməşğul olmuş və aparıb Tiflisdə (Mangilis) Qazax-Borçalı ağalarının övladlarının təhsil aldığı klassiktipli oğlanlar gimnaziyasına qoymuşdur (Qazax qəzasının Qarapapaq kənd mülkədarlarından olan Mahmud bəy Usub ağa oğlu Qiyasbəyov Xəzinə Palatasının Qazax Xəzinədarlığında («Kazaxskoye kaznaçeystvo») baş mühasib işləyirdi, 1917-ci ildə koilegiya assessoru mülki rütbəsində idi, təmiz işləyən bir məmur kimi etiraf olunmaqla yanaşı, xətt ekspertizası sahəsində  misilsiz mütəxəssis kimi də tanınırdı. Uzun illər «Azərbaycan qadını» jurnalının redaktoru olmuş Pəri xanım Qazıbəyovanın və Şəfiqə xanımın atasıdır. Pəri xanımın qızı Eleonora Qazıbəyova akademik Cəlal Əliyevin həyat yoldaşıdır). Yusif Dilbazov 1918-ci ilə qədər Tiflisdə oxumuş , o vaxt cərəyan etmiş hadisələrlə bağlı Qazağa qayıtmalı olmuşdur. 1920-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuş, buranı 1926-cı ildə bitirmişdir. 1920-ci ildə komsomol sıralarına daxil olan Yusif  Dilbazov seminariya illərində özünü fəal ictimaiyyətçi kimi tanıda bilmişdir və onun - bəy nəslindən olan bir gəncin komsomola daxil ola bilməsinin özünün maraqlı bir tarixçəsi vardır. Mirvarid Dilbazi bəy nəslindən olan bu gəncin nə yolla komsomola keçə bildiyini «Bənövşələr üstə göz yaşları»nda belə izah edirdi: «Professor Yusif Yusibovla kiçik qardaşı Nadir hələ çox uşaq yaşlarından ata-analarını itirdilər, qapıları bağlı qaldı. Onların mülkədar qohumlarından biri onları öz təsərrüfatında işlətmək üçün apardı  (iki azyaşlı uşağın «təsərrüfatda işlətmək üçün aparılması» fikri inandırıcı görünmədi. Belə ki, bu iki qardaş ömürləri boyu Mahmud bəyin iki qızını doğma bacıları qədər əziz tutdular. Mahmud bəy Yusifi evinə himayə üçün aparmışdı -İ.U.). Kənddə sovet hökuməti qurulub, komsomolun qılıncının dalı-qabağı kəsəndə Yusif komsomola girmək istədi. Bir partiyaçı dedi: - Bəy oğlunun komsomolda yeri yoxdur.
Bu köməksiz yeniyetmənin düşdüyü sarsıntını görən kəndin xeyirxah kişilərindən biri dedi: - A bala, sizin nəslə Yusifağalılar da deyirlər, familini dəyiş, işin irəli getsin. Beləliklə, Yusif Dilbazi və onun qardaşı Nadir «Yusubov» oldu». Pedaqoji fəaliyyətə Qaryagin rayonunun (indiki Füzuli) Abdurəhmanlı kəndində ibtidai sinif müəllimi kimi başlamışdır. 1926-cı ilin avqustundan 1927-ci ilin aprelinə kimi burada işləmiş, ardınca Quba şəhərinə yenidən hazırlanma kursuna göndərilmişdir. Oktyabrda yenidən Qaryaginə qayıtmış, bu dəfə Qoçəhmədli kənd yeddiillik məktəbinə direktor təyin edilmişdir. 1931-ci ilin sentyabrına kimi bu vəzifədə olmuş, özünü bacarıqlı müəllim kimi göstərdiyindən rayon maarif şöbəsinin müdiri təyin edilmişdir. Bir tədris ili bu vəzifədə olmuş, hətta ağıllı tərpənib partiya sıralarına daxil olmuşdur ki, bu da onun sonrakı karyerasında önəmli rol oynamışdır. Partiya sıralarına daxil olarkən anketində öz ictimai keçmişini «əkinçiliklə məşğul olan yoxsul tendli» kimi göstərərək valideynlərinin 1910-cu ildə vəfat etdiklərini, dayısı - Xanlıqlar sakini Məhəmməd Dərziyevin himayəsində qaldıqlarını, sovetləşmədən sonra 1920-ci ildə kiçik qardaşının yetimlər evinə verildiyini qeyd etmişdir. Elmə həvəs göstərən Yusif  Yusifov 1932-ci ilin sentyabrından 1933-cü ilin fevralına kimi Bakıda Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxuyur. Partiya üzvü olduğundan onu buradan Azərbaycan K(b)P Ağdam rayon partiya komitəsinin mədəniyyət və təbliğat şöbəsinə müdir göndərirlər. Bu arada bir müddət o vaxtlar böyük əks-səda qoparmış «Bitdili imamı» əhvalatından sonra diqqət mərkəzində saxlanılan Şamxorda təbliğat-təşviqat işində olur. 1934-cü ilin fevralına kimi Ağdam rayon partiya komitəsində bu vəzifədə çalışan Yusifovu irəli çəkərək raykom aparatında təlimatçı təyin edirlər və sentyabr ayına qədər bu onu rayonda çıxan «Lenin yolu» qəzetinə redaktor təyin edirlər. 1938-ci ilin mayına kimi mətbuat sahəsində çalışması onda yeni bir keyfiyyət - «yazmaq» bacarığını üzə çıxarır və bu dörd illik qəzetçilik fəaliyyəti Yusif Yusifovun respublikada tanınmış partiya mətbuatı işçisi kimi yetişməsində faydalı rol oynamış olur. Bu dəfə onu oradan götürüb Bakıya  tüğyan edən repressiyalar nəticəsində kadrlarının çox böyük qismindən məhrum olmuş Azərbaycan Elmi-Tədqiqat institutuna elmi işçi göndərirlər. Burada 1940-cı ilin aprelinə kimi çalışırsa da, onu yenidən partiya işinə yönəldirlər Azərbaycan KP Bakı şəhər partiya komitəsinə məsləhətçi vəzifəsinə təyin olunur. Ardınca onun bioqrafiyasında yeni bir irəiiləyiş baş verir - 1940-cı ilin oktyabrında onu Bakı şəhər Keşlə rayon partiya komitəsinin birinci katibi vəzifəsinə gətirirlər. Bunun tarixçəsi belədir: Keşlə rayon partiya komitəsinin konfransında iştirak edən Mircəfər Bağırov konfransda erməni və rus kadrların qabarıq təmsil olunmasından narazı qalaraq, «Azərbaycanlı yoxmu?» deyə soruşduqda MK katibi Həsən Həsənov «bir gənc kadrımız var» - deyə Yusifovu nişan verir. Yusif əvvəlcə özünü itirsə də, sonra Həsənovun təlqini ilə ürəklənir və atəşin bir nitqlə çıxış edir. Bağırov məmnunluqla: «Bəs deyirsiniz kadrımız yoxdur? Onu bu rayona katib təyin etməliyik» - deyir.
Lakin bu illərdə də firqəçi bədxahları ondan əl çəkmir, kənddən müxtəlif instansiyalara məktublar gedir, Yusif Yusifovun sosial mənşəyi etibarı ilə bəy keçmişi qabardılırdı. Məsələ hətta Mircəfər Bağırova gedib çıxmışdı, lakin o özünün irəli çəkdiyi bu kadrı müdafiə etmiş, adam göndərib Qələndər Musayevi bu yazdıqlarına «nöqtə qoymasını» tələb etmiş, yalnız bundan sonra Yusifov rahatlığa qovuşmuşdu.
Bu vəzifədə 1941-ci ilin yanvarına kimi çalışır, oradan onu yaxşı bələd olduğu Ağdam rayonuna raykomun birinci katibi göndərirlər. Ağır müharibə və müharibədən sonrakı illəri burada keçirir. Müharibənin birinci ilindən başlayaraq, aclıq, quraqlıq və xəstəliklərin tüğyan etdiyi bir zamanda, gənc katib həm planları yerinə yetirə bilir,  həm də camaatın güzəranını münasib səviyyədə saxlamağı bacarır ki, bunu yaşlı ağdamlılar həmişə minnətdarlıqla xatırlayırdılar.  Yusif Yusifov 1948-ci ın yanvarından 1951-ci ilin mayına qədər - üç ildən bir az çox müddətdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdirki, bu onun partiya karyerasında, şübhəsiz, ən yüksək zirvə idi. MK üzvü idi, əgər bunadək 1939-42-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdusa, 1950-ci ildə SSRİ Ali Sovetinə, 1951 -ci ildə eyni zamanda Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Qeyd edək ki, sonralar parlayıb irəli çıxmış Heydər Əliyev onun kadrı olmuşdu və gənc DTK əməkdaşının yaxasına ilk medalı bu vaxtlar Yusifov taxmışdı ( Heydər Əliyev onu həmişə hörmətlə anardı).
 Səməd Vurğun, Osman Sarıvəlli, Möhsün Poladov onun ən yaxın, ailəvi dostları idi. Maraqlıdır ki, bu yaxın dostları onun qızı Klaranın toyunu onun özü olmadan təntə ilə keçirmişdilər (Yemelyanov və Seyid Yaqubov onun Naxçıvandan uzaqlaşmasına izin vermirlər, Bağırova isə zəng edib icazə istəməyə ürəyi gəlmir.). Naxçıvanda işlədiyi vaxt Badamlı mineral suyunun populyarlaşdırılması onun təşəbbüsü ilə olur. Bundan başqa Noraşen rayon mərkəzinin adını dəyişdirib «İliç» qoymaq təşəbbüsü ilə çıxış edir və buna nail olur. 1948-ci ildə Ermənistandan Aranın isti bölgələrindən olan Sabirabada köçürülmüş ailələrin böyük bir kütləsini Naxçıvanın Qarabağlar kəndinə köçürməyə təşəbbüs edir və buna nail olur.
Yusif Yusifov 1947-51-ci illərdə Azərbaycan Ali Sovetinin sədri olmuşdur. Lakin onun gələcəyinə böyük ümidlər bəslənildiyi bir zamanda bədxahlarının bir fitnəkarlığı üzündən Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən kənarlaşdırıldı, az sonra ona Bakıda MK aparatında kənd partiya təşkilatları şöbəsi müdirinə müavin vəzifəsi verdilər.   Yusif Yusifov bu illərdə daim təhsilini artırmaq barədə düşünürdü, belə ki, seminariya təhsili ilə kifayətlənmək olmazdı, ilk vaxtlar bu ali təhsilə bərabər tutulsa da,yanaşma dəyişmişdi. Hər halda, 1938-40-cı illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin axşam şöbəsini bitirmişdi. Müharibə illərində - 1942-ci ildə isə fürsətdən istifadə edib, Bakıda Azərbaycan Pedaqoji İnstitutu tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1947-ci ildə buranı bitirmişdi ki, bu da onun partiya işindən kənarlaşdırıldıqdan sonrakı fəaliyyətini müəyyənləşdirmiş oldu.  1952-ci ilinfevralında Bakıda Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun elmi katibi təyin edilən Yusif Yusifov bundan sonrakı həyatını elmi-pedaqoji fəaliyyətə sərf etmişdir. Bunadək, daha doğrusu 1944-48-ci illərdə Ağdamda fəaliyyət göstərmiş ikiillik Müəllimlər institutunda marksizm-leninizmi tədris etmişdi. 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin Sov.İKP tarixi kafedrasında baş müəllim işləyən Yusif Yusifov 1954-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi alır, 1956-cı ildən ADU-nun marksizm-leninizm kafedrasının dosenti olur. 1961-ci ildə tarix fakültəsi dekanının müavini olmuş, daha sonra 1964-cü ilə qədər tarix fakültəsi qiyabi şöbəsinin dekanı işləmişdi. 1964-73-cü illərdə ADU-nun Sov.İKP tarixi kafedrasının dosenti olan Yusif Yusifov 1972-ci ildə, nəhayət, doktorluq dissertasiyası müdafiə edir. 1973-77-ci ildə bu kafedranın professoru idi. 1973-74-cü illərdə bir il kafedra müdirini əvəz etmişdi. Bu illərdə bir sıra aspirantlara və dissertantlara elmi rəhbərlik etmiş, onların bir alim kimi yetişmələrinə öz töhfəsini vermişdi. İş yoldaşları tərəfindən diqqətli, mehriban, ləyaqətli bir insan kimi tanınan və sevilən Yusif Yusifovun anadan olmasının 70 illiyi elmi ictimaiyyət tərəfindən təntənəli şəkildə qeyd edilmişdir. Bu təntənəli gündən belə bir məzəli əhvalat yadda qalmışdır ki, universitet rəhbərliyi həmin gün bir bəhanə ilə üzrxahlıq edib gedirlər, lakin yubilyara Heydər Əliyevin özü tərəfindən təbrik göndərildiyini hardansa eşidərək özlərini təcili zala yetirmişdilər. Yusif Yusifov öz zəmanəsinin oğlu idi, karyerası kommunist partiyası ilə bağlı idi və təbii ki, 1936-cı ildən başlayaraq 80-ci illərə qədər mətbuatda mənsub olduğu kommunist partiyasının siyasətinə dair çoxlu sayda məqalələr, eləcə də broşuralar, kitabçalar nəşr etdirmişdi ki, bunlar dövrün tələbindən irəli gəlməklə konyunktur xarakter daşıdığından hazırda öz aktuallığını itirmiş və heç bir elmi dəyərə malik deyildir. Bu əlbəttə, bir tarixçi alim üçün onun özündən asılı olmayan tarixi proseslər üzündən yaşanmış faciə idi. Yusif Yusifovun xidmətləri yüksək qiymətləndirilmiş, onu «Lenin ordeni» (1943), Böyük Vətən müharibəsi ordeni (1945), «Lenin ordeni» (1949), «Qafqazın müdafiəsinə görə» (1945), «Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə» (1945) medalları ilə təltif etmişlər.
Yusif  Yusifov öz vəsiyyətinə əsasən Bakının Dağlıq qəbristanlığında ömür-gün yoldaşı Mələk xanımın yanında dəfn olunmuşdur. Amma hökumət onu Fəxri Xiyabanda dəfn etməyə hazırlaşırmış, lakin gecikmişdilər.  Yusif Yusifovun şəxsi həyatına gəldikdə, Mələk Yusif qızı Abbasova (1912-1989) ilə ailə qurmuşdur. Onun ata-babası bir ailə dramı və qan işi ilə bağlı Qarabağdan keçən yüzilin əvvəllərində Qazağa qaçıblarmış və məqsədləri ailəliklə Türkiyəyə mühacirət etmək imiş. Lakin niyyətlərindən daşınıb, Qazaxda məskunlaşıblar və Mələk xanım da burada anadan olmuş, Qazaxda təhsil almış və pedaqoq ixtisasına yiyələnmişdir. Gənc müəllimlər Yusif və Mələk 1928-ci ildə Qazaxda ailə qurmuşlar. Lakin Mələk xanım Qaryagində (indiki Füzuli rayonu) cəmi bir il müəlli-mə işləyib. Ondan sonra evdar qadın olmuş, həyatını övladlarının tərbiyəsinə həsr etmişdir. Yusif  Yusifovun övladlarına gəldikdə, ailənin ilki Klara 1929-cu ildə ailə Dilican yaylaqlarında istirahətdə olarkən dünyaya gəlmişdir. Klara Yusifova ixtisasca göz həkimidir, uzun illər şəhərdə DTK poliklinikasında işləmişdir. DTK polkovniki Qəmbər Hüseynovla ailə qurmuşdur. Oğlu Azər Hüseynov məhkəmə orqanlarında çalışır. qızı Nigarxanım ixtisasca həkimdir, Azərbaycan Tibb Universitetində tədris fəaiyyəti ilə məşğuldur. O biri qızı Sevinc xanım isə müəllimədir, Təfəkkür Universitetində işləyir. Tamara Yusif qızı Yusifova (Abdullayeva) (1930-1995) da ailə Dilican yaylaqlarında istirahətdə olarkən dünyaya gəlmişdir. ADU-nun filologiya fakültəsini bitirmişdi. Dillər Universitetində rus dili kafedrasının müdiri idi. Əsgər ibrahim oğlu Abdullayev ilə ailə qurmuşdur. İki oğlundan İlqar Abdullayev - ixtisasca hüquqşünas, Vüqar Abdullayev isə - ixtisasca iqtisadçıdır. Ailənin üçüncü övladı Azərbaycanda yaxşı tanınan idman xadimi Ramiz Yusifovdur. Dördüncü övladları - Almaz Yusif qızı İlalova (1940) Bakı şəhərində doğulmuşdur. ADU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirmişdir. EDU-nun baş müəllimidir, ərəb dilinin tədrisi ilə məşğuldur. Əslən Əmircandan olan Ruslan Cavad oğlu İlalov ilə ailə qurmuşdur. Oğulları: Cəmil - ixtisasca türkoloq, Cavad isə iqtisadçıdır.


Abunə olun

Yeniliklərdən xəbərdar olun